Ursula fon der Leyen: “Qəzza üçün donor qrupu yaradılacaq”
Qəzzanın bərpası üçün donor qrupu yaradılacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bəyanat yayıb.
“Gecə ən qaranlıq olanda biz kompasımızı daha möhkəm tutmalıyıq. Bizim kompasımız isə iki dövlət prinsipinə əsaslanan həll yoludur. Bu müharibənin başlanğıcından Avropa Fələstin administrasiyasının həyati dayağı olub, amma daha çox şey etməliyik. Buna görə də biz Fələstin üçün donorlar qrupunu yaradacağıq. Gələcəkdə formalaşacaq hər bir Fələstin dövləti həyat qabiliyyətli olmalıdır, o cümlədən iqtisadi baxımdan, və bu, fələstinli qonşuların dəstəyi ilə mümkündür. Biz, avropalılar, digər donorların səyləri ilə koordinasiyada Qəzzanın bərpası üçün xüsusi mexanizm yaradacağıq. Qəzza bərpa olunmalıdır”, – deyə Avropa Komissiyasının prezidenti vurğulayıb.
Onun sözlərinə görə, yeganə real sülh planı iki dövlət prinsipinə əsaslanır – təhlükəsiz İsrail, həyat qabiliyyətli Fələstin dövləti və “Həmas” təhlükəsinin aradan qaldırılması.
BMT və Dünya Bankının hesabatına görə, 2024-cü ilin yanvar ayının sonuna qədər Qəzza sektorunun infrastrukturuna dəymiş ümumi zərər 18,5 milyard dollar təşkil edib. Bu zərər yaşayış binalarına, kommersiya fəaliyyətinə, sənayeyə, eləcə də təhsil, səhiyyə və energetika kimi vacib xidmətlərə ciddi təsir göstərib.


