Moldovada parlament seçkiləri başlayıb
Moldovada parlament seçkiləri üzrə səsvermə bu gün səhər saat 07:00-da başlayıb və 21:00-da başa çatacaq.
InterPress.ge xəbər verir ki, ölkə vətəndaşları parlamentin 101 üzvünü dörd il müddətinə seçəcəklər.
Seçkilərdə 1 partiya, 4 seçki bloku və 4 müstəqil namizəd iştirak edir. Partiyalar üçün baryer 5%, bloklar üçün 7%, müstəqil namizədlər üçün isə 2% olaraq müəyyən edilib.
Sərhədlərdən kənarda, 41 ölkədə 301 seçki məntəqəsi açılıb. İlk dəfə olaraq Moldovalı seçicilər üçün 10 ölkədə poçtla səsvermə imkanı yaradılıb.
Prezident Maya Sandunun təsis etdiyi hakimiyyət yönümlü, Avropa tərəfdarı “Fəaliyyət və Həmrəylik Partiyası”nın (PAS) parlamentdə çoxluğu qoruyacağı gözlənilir. Qərb mediasının yazdığına görə, partiya ciddi rəqabətlə üzləşəcək. Əsas rəqib isə Rusiyaya yaxın müxalif qüvvələrin birləşdiyi “Patriot Bloku” olacaq. Bu blokun ən iri partiyası Sosialistlərdir və onun lideri İqor Dodon 2020-ci ildə keçirilmiş prezident seçkilərində Sanduya məğlub olmuşdu.
Moldova rəsmiləri uzun müddətdir Moskvaya ölkənin müstəqilliyini sarsıtmaq, enerji böhranı yaratmaq və anti-hökumət əhval-ruhiyyəni gücləndirməklə Avropa İttifaqına inteqrasiyanı əngəlləməyə çalışmaqda ittiham edirlər.
Maya Sandu bir neçə gün əvvəl bəyan edib ki, Rusiya seçkilərin nəticələrinə təsir göstərməyə çalışır – saxta xəbərlər, partiyaların qanunsuz maliyyələşdirilməsi, səs alqı-satqısı və etiraz aksiyalarının təşkil edilməsi yolu ilə.
Son həftələrdə polis qanunsuz siyasi maliyyələşmələrlə bağlı çoxsaylı reydlər keçirib. Bazar ertəsi təhlükəsizlik qüvvələri 74 nəfəri Rusiyanın dəstəklədiyi iğtişaş cəhdinə görə saxlayıb.
Qərb mediası yazır ki, “Fəaliyyət və Həmrəylik Partiyası”nın nəzarətində olan parlament Moldovanın Aİ-yə inteqrasiyasını sürətləndirəcək. Əgər prorus koalisiya çoxluq əldə etsə, bu proses uzunmüddətli siyasi mübarizəyə çevriləcək.


