30 
Sen
2025
12:40
303

ADB: 2025-ci ildə Gürcüstanın iqtisadiyyatı 7% artacaq

Asiya İnkişaf Bankının (ADB) yeni hesabatına görə, 2025-ci ildə Gürcüstanın ÜDM-i 7% artacaq. Bu, apreldə verilmiş 6%-lik proqnozdan yüksəkdir. 2026-cı ildə isə artımın 5% səviyyəsində qalacağı gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı ADB yayıb.

Bankın açıqlamasında bildirilir ki, artımı xidmət sektoru, informasiya və kommunikasiya sahələrindəki güclü göstəricilər, həmçinin xarici investorların reinvestisiyalarının artması və davamlı özəl istehlak dəstəkləyir.

ADB-nin Gürcüstandakı daimi nümayəndəliyinin direktoru Lesli Bearman Lamın sözlərinə görə, “Gürcüstanın sabit iqtisadi artımı qlobal risklər fonunda gələcək üçün müsbət gözləntilər yaradır. Ölkə strateji mövqeyindən və yol şəbəkəsindən daha çox istifadə etməklə ticarəti və tranzit yükləri cəlb edə biləcək, eyni zamanda vətəndaşları üçün uzunmüddətli sabit inkişafı təmin edəcək islahatları dərinləşdirəcək”.

İnflyasiya proqnozları dəyişməyib – 2025-ci ildə 4%, 2026-cı ildə isə 3%. ABŞ dollarının zəifləməsi nəticəsində lari 2025-ci ilin ilk yarısında 3,5% möhkəmlənib. Büdcə kəsiri ÜDM-in 3%-i, dövlət borcu isə 35%-i təşkil edib.

2025-ci ilin ilk yarısında malların ixracı 13,7%, idxal isə 12,4% artıb. Avtomobillərin re-eksportu 30,3% yüksəlib. ABŞ-da tətbiq edilən 25%-lik yeni tarifin ikinci əl avtomobillərin qiymətinə təsir edəcəyi gözlənilsə də, turizm, nəqliyyat və İT sahələrində artımın bu təsiri yumşaldacağı proqnozlaşdırılır.

Turizmdən əldə olunan gəlirlər 3,8%, xidmət ixracı isə ümumilikdə 10,2% artıb. ABŞ və Avropadan göndərilən pul köçürmələrinin çoxalması fonunda ümumi göstərici 3,5% artıb, baxmayaraq ki, Rusiyadan köçürmələr 26,5% azalıb. Birbaşa xarici investisiyalar ümumilikdə 7,7% azalıb, lakin reinvestisiya payı 83,6% təşkil edib.

Hesabatda risklər sırasında regional geosiyasi gərginlik, qlobal ticarətin zəifləməsi, sanksiyalar və yüksək faiz dərəcələrinin kapital axınını məhdudlaşdırma ehtimalı qeyd olunub.

ADB 2007-ci ildən Gürcüstanla əməkdaşlıq edir və bu müddətdə ölkəyə 5 milyard dollarlıq kredit, qrant və texniki yardım göstərib. Təşkilatın strategiyası Gürcüstanı “yaşıl və inklüziv regional qapı”ya çevirməyi, dövlət və özəl sektorda investisiyaları dəstəkləməyi, eləcə də regional inteqrasiyanı gücləndirməyi nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın