Savalan Mirzəyev: “Qardabanidə seçkilər demokratik və sakit şəraitdə keçir”
Bu gün Gürcüstanın bütün bölgələrində, o cümlədən Qardabani bələdiyyəsində də yerli özünüidarəetmə orqanlarına — mer və bələdiyyə şurasına seçkilər keçirilir.
Parlament deputatı Savalan Mirzəyev InterPress.ge-yə müsahibəsində bildirib ki, Qardabanidə seçki prosesi tam demokratik və sakit şəraitdə davam edir.
Deputatın sözlərinə görə, seçki məntəqələrində vətəndaş fəallığı müşahidə olunur və seçki prosesi şəffaf şəkildə həyata keçirilir:
“Səhər saatlarından etibarən Qardabanidəki seçki məntəqələrini ziyarət etdim. Bütün məntəqələrdə seçicilərin normal şəkildə səsvermədə iştirak etdiklərini gördüm. Heç bir insident və ya gərginlik qeydə alınmayıb. Müşahidəçilər, jurnalistlər və seçki komissiya üzvləri öz fəaliyyətlərini tam sərbəst şəkildə icra edirlər. Bu da onu göstərir ki, seçkilər demokratik prinsiplər əsasında, şəffaf şəkildə keçirilir.”
Savalan Mirzəyev həmçinin qeyd edib ki, vətəndaşların seçkiyə marağı yüksəkdir və bu, onların yerli özünüidarəetmədə iştirak arzusunun göstəricisidir:
“Qardabani sakinləri seçkilərə fəal qoşulublar. İnsanlar yaxşı bilirlər ki, bu seçkilər onların gündəlik həyatına birbaşa təsir edən qərarların qəbuluna yönəlib. Mən əminəm ki, bu seçkilər Gürcüstanın demokratik inkişafına növbəti töhfə olacaq.”
Deputat sonda seçiciləri sakit və məsuliyyətli şəkildə səsvermədə iştirak etməyə çağırıb:
“Ən vacibi odur ki, hər bir vətəndaş öz səsini versin və gələcək bələdiyyə rəhbərliyinin formalaşmasında iştirak etsin. Mən inanıram ki, günün sonuna qədər bu sakit və müsbət ab-hava davam edəcək.”
Qardabani rayonunda bu gün səhər saat 8:00-da bütün seçki məntəqələri açılıb və səsvermə axşam saat 20:00-da başa çatacaq.


