05 
Okt
2025
21:49
305

Avropa İttifaqı: “Gürcüstanda keçirilən seçkilər fikir azadlığının boğulduğu şəraitdə baş tutdu”

Avropa İttifaqı Gürcüstanda keçirilmiş yerli özünüidarəetmə seçkiləri ilə bağlı birgə bəyanat yayıb. Bəyanat Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın, eləcə də Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kosin imzası ilə dərc edilib.

Sənəddə qeyd olunur ki, Gürcüstanda yerli özünüidarəetmə seçkiləri şənbə günü fikir müxtəlifliyinin genişmiqyaslı boğulması şəraitində keçirilib.

Aİ rəsmiləri bəyan ediblər ki, Avropa İttifaqı Gürcüstandakı roluna dair yayılan dezinformasiyanı və Aİ səfirinə qarşı yönəlmiş şəxsi hücumları qətiyyətlə pisləyir.

Bəyanatda vurğulanır:

“Müstəqil mediaya qarşı çoxaylıq hücumlar, vətəndaş cəmiyyətinə qarşı qəbul edilmiş qanunlar, müxalifətçilərin və fəalların həbsi, eləcə də seçki məcəlləsində hakim partiyanın xeyrinə edilən dəyişikliklər rəqabətli seçkilərin keçirilməsini ciddi şəkildə məhdudlaşdırıb. Müxalifətin böyük hissəsi seçkiləri boykot edib və seçici fəallığı nisbətən aşağı olub.”

Avropa İttifaqı bildirir ki, Gürcüstan hökumətinin beynəlxalq müşahidəçiləri, xüsusilə ATƏT/ODİHR missiyasını vaxtında dəvət etməməsi seçki prosesinin şəffaflığına zərbə vurub və etibarlı beynəlxalq monitorinqə maneə yaradıb.

Bəyanatda həmçinin qeyd olunur ki, yerli təşkilatlar da repressiv mühit səbəbindən seçkiləri müşahidə etməkdən imtina ediblər.

“Xalqın böyük hissəsi ‘Gürcü Arzusu’ partiyasının repressiv siyasətinə qarşı etirazını davam etdirib. Biz əsassız şəkildə saxlanılan bütün şəxslərin azad olunmasına çağırırıq.”

Aİ rəsmiləri seçkilərdən sonrakı dövrdə sakitliyin və təmkinin qorunmasına çağıraraq bildiriblər:

“Vətəndaşların toplaşmaq və fikirlərini ifadə etmək azadlığı təmin olunmalıdır. Bütün siyasi aktorların və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə konstruktiv və inklüziv dialoq zəruridir. Biz bütün tərəfləri zorakılıqdan çəkinməyə çağırırıq.”

Bəyanatın sonunda yenidən vurğulanır ki, Avropa İttifaqı Gürcüstanda Aİ-nin roluna dair dezinformasiyanı və Aİ səfirinə qarşı yönəlmiş şəxsi hücumları qətiyyətlə rədd edir və pisləyir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər