Hesabata görə, Gürcüstanda taksi qonşu ölkələrə nisbətən ən bahadır
Qlobal qiymət müqayisə platforması Numbeo-nun yenilənmiş məlumatlarına əsasən, Gürcüstanda taksi xidmətləri qonşu ölkələrə nisbətən ən bahasıdır.
InterPess.ge xəbər verir ki, hesabat 127 ölkədə 1 kilometr məsafəyə görə taksi tariflərini müqayisə edir.
Məlumatlara görə, Gürcüstanda 1 km məsafəyə taksi haqqı orta hesabla 0,73 ABŞ dollarıdır, bu göstəriciyə əsasən ölkə 127 ölkə arasında 93-cü yerdə qərarlaşıb.
Qonşu ölkələr arasında Gürcüstanı Türkiyə izləyir – burada 1 km üçün orta qiymət 0,72 dollar təşkil edir və ölkə reytinqdə 96-cı pillədədir.
Azərbaycanda isə 1 km üçün orta qiymət 0,59 dollardır, bu göstərici ilə ölkə 102-ci yerdədir. Daha ucuz tarif Rusiyada qeydə alınıb – burada 1 km məsafəyə taksi haqqı 0,42 dollardır və ölkə 109-cu yeri tutur.
Qonşu dövlətlər arasında ən ucuz taksi xidməti Ermənistanda mövcuddur. Numbeo-nun məlumatına əsasən, Ermənistan 111-ci yerdədir və burada 1 km məsafəyə orta qiymət cəmi 0,37 dollar təşkil edir.
Beləliklə, bölgədə ən bahalı taksi Gürcüstanda, ən ucuzu isə Ermənistandadır.


