14 
Okt
2025
14:13
303

İrakli Kobaxidze: "Cərimələr tam effektli olmadı və buna görə də qanunvericiliyə dəyişikliklər edilir"

Gürcüstanın Baş naziri İrakli Kobaxidze etiraz aksiyalarına və dinc toplaşmalara dair qanunvericilikdə nəzərdə tutulan dəyişiklikləri şərh edərək bildirib ki, mövcud cərimələr kifayət qədər effektiv deyildi, buna görə də hökumət həm inzibati, həm də cinayət qanunvericiliyinə dəyişikliklər təqdim edir. Onun sözlərinə görə, bu addım “demokratiya prinsipinin – azlığın çoxluğa qarşı zorakılıq etməməsi” prinsipinin təzahürüdür.

“Əslində, hər kəs öz etirazını qanun çərçivəsində ifadə edə bilər, lakin bizim qanunvericiliyimiz və beynəlxalq standartlar bir şeyi açıq şəkildə deyir – əgər etiraz aksiyasında iştirak edənlərin sayı küçəni bağlamaq üçün kifayət qədər deyilsə, onlar cəmiyyətin digər üzvlərinə hörmət etməli və yolu bağlamamalıdırlar. İndiyədək yalnız cərimə tədbirləri tətbiq olunurdu, lakin bu mexanizm tam effektiv olmadı. Buna görə də indi inzibati və cinayət qanunvericiliyinə dəyişikliklər edilir ki, azlıq çoxluğun hüquqlarını pozmasın. Bu, demokratiyanın əsas prinsipidir,” – deyə Kobaxidze vurğulayıb.

Xatırladaq ki, parlament çoxluğunun lideri İrakli Kirkxaliya daha əvvəl bildirmişdi ki, inzibati və cinayət məcəllələrinə bir sıra dəyişikliklər daxil ediləcək.

Yeni qaydalara görə, aksiyada üzün maska ilə örtülməsi, gözyaşardıcı və ya zəhərli maddə daşımaq, yolu bağlamaq və ya müvəqqəti konstruksiya qurmaq kimi hallarda artıq birinci dəfə belə 15 günədək inzibati həbs cəzası tətbiq ediləcək. Əgər bu hərəkəti aksiyanın təşkilatçısı törədərsə, cəza 20 günədək artırılacaq.

Daxili İşlər Nazirliyinin tələbi ilə dayandırılmalı olan aksiyada iştirak edən şəxslər və silah, pirotexnika və ya təhlükəli əşyalar daşıyanlar isə 60 günədək inzibati həbs cəzasına məruz qalacaqlar.

Bu cür qanunsuz hərəkətlərin təkrar törədilməsi artıq bir ilədək azadlıqdan məhrumetmə, üçüncü və sonrakı hallarda isə iki ilədək həbs cəzası ilə nəticələnəcək.

Bundan əlavə, Cinayət Məcəlləsinə yeni maddə əlavə olunur ki, polis əməkdaşını üçüncü dəfə təhqir edən və ya onun qanuni göstərişinə tabe olmayan şəxs bir ilədək azadlıqdan məhrum ediləcək, təkrar hal baş verərsə – iki ilədək həbs cəzası alacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər