15 
Okt
2025
15:03
195

Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası: “Siyasi fəaliyyətin qadağan edilməsinə dair qanun layihəsi Konstitusiyaya və beynəlxalq standartlara ziddir”

“Gürcü Arzusu” partiyasının təşəbbüsü ilə təqdim edilən və bəzi şəxslərə siyasi fəaliyyətin, partiya üzvlüyünün və seçkilərdə iştirakın qadağan edilməsini nəzərdə tutan qanun layihəsinə “Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası” (GYHA) sərt reaksiya verib.

Təşkilatın bəyanatında vurğulanır ki, layihə Gürcüstan Konstitusiyasına və beynəlxalq hüquqi prinsiplərə ziddir, çünki o, fərdi məsuliyyətin yerinə “kollektiv məsuliyyət” mexanizmini yaradır və bu, siyasi plüralizmin məhvinə gətirib çıxara bilər.

Bəyanatda qeyd olunur:

“Partiya ilə əlaqədə olan şəxslərin siyasətdə iştirakının qadağan edilməsi tamamilə bəlirsiz və əsassız məsuliyyətin kollektivləşdirilməsidir, bu isə Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsi (birləşmək azadlığı) ilə ziddiyyət təşkil edir. Həm bu maddə, həm də Beynəlxalq Mülki və Siyasi Hüquqlar Paktının 22-ci maddəsi ATƏT-ə üzv dövlətlərə fərdlərin siyasi partiyalar yaratmaq və onlara qoşulmaq hüququnu qorumaq öhdəliyini qoyur. Bu hüquq Kopenhagen Sənədinin 7.6-cı bəndində də açıq şəkildə təsbit olunub.”

GYHA bildirir ki, layihədə “partiya ilə əlaqəli şəxs” anlayışı dəqiq müəyyən edilməyib, bu isə sui-istifadə və məhkəmələr vasitəsilə müxalif baxışlı şəxslərin siyasi fəaliyyətinin asanlıqla məhdudlaşdırılması riskini yaradır.

Assosiasiyanın fikrincə, belə qeyri-müəyyən norma konstitusiya baxımından qəbuledilməzdir, çünki fərdin hüquqlarını müddətsiz və qeyri-proporsional şəkildə məhdudlaşdırır:

“Partiya ilə əlaqədə olmaq, onun qanunsuz hərəkətlərinə görə avtomatik məsuliyyət yaratmamalıdır. İnsan yalnız bir partiya ilə əlaqəsinə görə cəzalandırıla bilməz. Üstəlik, qanun layihəsində bu məhdudiyyətin müddəti göstərilmir, bu isə bir şəxsin siyasi karyerasının ömürlük məhv edilməsi ilə bərabərdir.”

GYHA həmçinin qeyd edir ki, layihə Konstitusiya Məhkəməsinin səlahiyyətlərini əsassız şəkildə genişləndirir:

“Konstitusiyanın 60-cı maddəsi Məhkəmənin səlahiyyətlərini tam şəkildə müəyyənləşdirir və onların sadəcə qanun dəyişikliyi ilə genişləndirilməsini istisna edir. Konstitusiya Məhkəməsinə fərdlərin siyasi hüquqlarını məhdudlaşdırmaq səlahiyyəti verilməyib.”

Assosiasiyanın yekun qiymətləndirməsində deyilir:

“‘Gürcü Arzusu’ konstitusion çoxluğa malik olmadığı üçün sadə çoxluqla hüquqi mühitini dəyişməyə çalışır. Bu, demokratiyanın tənəzzülünə və siyasi plüralizmin zəifləməsinə gətirib çıxara bilər. Təklif olunan qanun layihəsi Gürcüstan Konstitusiyasına və beynəlxalq standartlara ziddir, çünki o, fərdin siyasi hüquqlarını müddətsiz və qeyri-proporsional şəkildə məhdudlaşdırır və uzunmüddətli perspektivdə ölkədə siyasi spektrin itməsi riskini yaradır.”

Xatırladaq ki, 13 oktyabr 2025-ci ildə “Gürcü Arzusu” parlamentdə təcili qaydada bu qanun paketinin müzakirəsinə başlayıb. Layihə, Konstitusiya Məhkəməsi tərəfindən qadağan edilmiş siyasi partiyalarla əlaqəli şəxslərin partiya yaratmaq, partiyada vəzifə tutmaq, dövlət və siyasi vəzifələrdə çalışmaq və seçkilərdə iştirak hüququnun məhdudlaşdırılmasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər