İrakli Kobaxidze: “Konstitusiya Məhkəməsinə təqdim olunacaq iddiada 10-a qədər partiyanın adı ola bilər”
Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan edib ki, Konstitusiya Məhkəməsinə təqdim olunacaq iddiada hansı partiyaların konstitusiyaya zidd elan ediləcəyi bir neçə gün ərzində dəqiqləşəcək.
InterPress.ge xəbər verir ki, bu barədə İrakli Kobaxidze Birinci Kanala müsahibəsində bildirib.
Baş nazirin sözlərinə görə, hazırda iddia üzərində iş davam edir və partiyaların siyahısı məhkəməyə təqdim edilərkən açıqlanacaq.
“Siyahını bir qədər sonra dəqiqləşdirəcəyik. Hal-hazırda iddia üzərində iş gedir. Dəqiq siyahı bir neçə günə, iddia artıq rəsmi şəkildə Konstitusiya Məhkəməsinə təqdim olunanda məlum olacaq,” – deyə Kobaxidze bildirib.
O əlavə edib ki, iddiada 10-a qədər partiyanın adı ola bilər, o cümlədən kiçik partiyalar da siyahıya daxil edilə bilər.
“Prinsip belədir: birincisi, əgər partiya keçmişdə ‘qanlı rejimin’ nümayəndələrindən formalaşıbsa, bu iddia onlara da şamil ediləcək. Açıq desək, bu, “Milli Hərəkat” və onun törəmələri, eləcə də bir neçə kiçik partiyadır.
İkinci meyar isə odur ki, kimlər illər boyu həmin ‘qanlı rejimlə’ birgə dövlətə qarşı sabotajda iştirak ediblər – bu iddia onlara da aid olacaq. Dəqiq siyahı bir neçə gün ərzində məlum olacaq, təxminən 10-a qədər partiya ola bilər, kiçik partiyalar da daxil olmaqla,” – deyə baş nazir Kobaxidze “Birinci Kanal”a müsahibəsində bildirib.


