16 
Okt
2025
22:36
762

İliya Dövlət Universitetinin assosiasiyalı professoru Kobaxidzenin “Məhəmməd” adı ilə bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib

İliya Dövlət Universitetinin assosiasiyalı professoru Beka Mindiaşvili Gürcüstanın Baş Naziri İrakli Kobaxidzenin “Məhəmməd” adı ilə bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib.

InterPress.ge xəbər verir ki, o, bu barədə öz şəxsi “Facebook” səhifəsində paylaşım edib.

Beka Mindiaşvilinin sözlərinə görə, Kobaxidzenin “Berlində uşaqlara Məhəmməd adı verilməsi Almaniyanın kimliyini itirməsinə səbəb olur” fikri son dərəcə ağır və qəbuledilməz bəyanatdır.

“Məhz Almaniya kontekstində bu yanaşma açıq şəkildə nasist ideologiyasını xatırladır. Əgər 85 milyon əhalisi olan Almaniyada yaşayan 5 milyon müsəlman həmin ölkənin kimliyini itirməsinə səbəb olur deyiriksə, bu, birbaşa nasist baxışıdır,” – deyə Mindiaşvili qeyd edib.

Professor vurğulayıb ki, bu ritorika faşist təbliğatçısı Yozef Gebbelsin ideyalarını xatırladır:

“Gebbels ‘qeyri-alman’ elementlərdən Alman mədəniyyətinin və milli şüurunun təmizlənməsini təbliğ edirdi. Amma əslində, məhz nasist ideologiyası və etnik təmizləmə siyasəti Almaniyaya həm hörmətini, həm kimliyini, həm də milyonlarla insanını itirməsinə səbəb oldu.”

Beka Mindiaşvili əlavə edib ki, Gürcüstanda əsrlərdir müxtəlif etnik və dini icmalar birgə yaşayır və bu, ölkənin zənginliyidir:

“Gürcü yəhudiləri, gürcü azərbaycanlıları, gürcü erməniləri — bu, bizim vətəndaş kimliyimizin tərkib hissəsidir. Biz illərlə bu anlayışı formalaşdırmışıq ki, milli kimlik dini və etnik mənsubiyyətlə deyil, vətəndaşlıq şüuru və məsuliyyətlə müəyyən olunur. Elə İlia Çavçavadze, Yakob Qoğebaşvili, Vaja-Pşavela kimi böyük şəxslər də bunu belə anlayırdı.”

Mindiaşvili həmçinin Kobaxidzeni riyakarlıqda ittiham edib:

“O, Gürcüstanda etnik ruslara qarşı nadir hallarda baş verən ksenofobiya hadisələrini tənqid edir, amma Avropa mövzusunda çıxış edərkən özü açıq şəkildə nasist məzmunlu fikirlər səsləndirir. Bu, tam riyakarlıqdır.”

Professor sonda xəbərdarlıq edib ki, hakimiyyətin davranışı avtoritar və təhlükəli istiqamətə gedir:

“Bu qüvvə elə bir faşist diktaturasına bənzər sistem yaradır ki, əgər biz indi susarıqsa, bir müddət sonra bu rejim hər kəsin boğazına yapışacaq — təkcə fərqli düşüncədə olanları deyil, həm də fərqli etnik və dini mənsubiyyətə malik insanları.”

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər