Tbilisidə Ukrayna və Belarus vətəndaşları böyük miqdarda narkotiklə saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Patrul Polis Departamentinin Tbilisi Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində xüsusilə böyük miqdarda narkotik maddə əldə etmə, saxlama və satışına kömək etmə ittihamı ilə iki nəfər saxlanılıb.
Saxlanılan şəxslərin 1985-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ukrayna vətəndaşı İ.K. və 1999-cu il təvəllüdlü Belarus vətəndaşı D.K. olduğu bildirilir.
Nazirliyin məlumatına görə, onların şəxsi axtarışı, avtomobillərinin və yaşayış mənzillərinin yoxlanılması zamanı satış üçün qablaşdırılmış, xüsusilə böyük miqdarda “Alfa-PVP” adlı narkotik maddə, eləcə də narkotiklərin qablaşdırılması üçün istifadə olunan materiallar ələ keçirilib.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 260¹ maddələri ilə aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


