23 
Okt
2025
08:59
270

Tbilisidə etiraz zamanı 20-yə yaxın aksiya iştirakçısı saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, Rustaveli prospektində keçirilən etiraz aksiyası zamanı yolu qanunsuz bağlamağa cəhd edən təxminən 20 nəfər inzibati qaydada saxlanılıb.

Nazirliyin açıqlamasına görə, polis avtomobilinin üzərinə çıxan gənc qadın isə xuliqanlıq ittihamı ilə Gürcüstan Cinayət Məcəlləsinin 239-cu maddəsi əsasında tutulub.

“Saat 20:00 radələrində Rustaveli prospektində toplanan bəzi etirazçılar yolu qanunsuz şəkildə bağlamağa cəhd göstərdilər. Patrul polis əməkdaşlarının dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, iştirakçılar qanunsuz hərəkətlərini dayandırmadılar. Onların sayı yolun bağlanmasına hüquqi əsas vermirdi.

Nəticədə, yolu bağlamaqda iştirak edən 20-yə yaxın şəxs inzibati qaydada saxlanıldı. Qanuni göstərişlərə tabe olmayan, patrul avtomobilinə çıxaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarına və ictimaiyyətə hörmətsizlik edən gənc qadın isə xuliqanlıqda ittiham olunur,” – deyə Daxili İşlər Nazirliyinin bəyanatında bildirilir.

DİN bir daha aksiya iştirakçılarını yolları qanunsuz bağlamaqdan və cinayət törətməkdən çəkinməyə çağırıb, əks halda qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyini bəyan edib.

Bizimlə əlaqə saxlayın