Almaniyanın səfirinin geri çağırılması Gürcüstan hökumətinə ünvanlanmış aydın diplomatik siqnal idi – Berlindən açıqlama
Beynəlxalq KİV Almaniya Xarici İşlər Nazirliyinin sözçüsünə istinadən yazır ki, səfir Peter Fişerin geri çağırılması Gürcüstan hökumətinə çox aydın diplomatik mesaj idi.
Xatırladaq ki, Gürcüstanla diplomatik gərginliyin fonunda Almaniya öz səfirini 19 oktyabrda məsləhətləşmələr üçün ölkədən geri çağırmışdı.
Nazirliyin 7 noyabr tarixli bəyanatında bildirilir ki, Berlin Gürcüstan hökumətindən səfirə qarşı şəxsi hücumlardan çəkinməyi gözləyir. Nazirliyin sözçüsü vurğulayıb:
“Birkaç həftə öncə səfirin Tbilisidən məsləhətləşmələr üçün geri çağırılması Gürcüstan hökumətinə çox aydın diplomatik siqnal idi.”
Qeyd olunur ki, Peter Fişer 6 noyabrda Gürcüstana qayıdıb və öz diplomatik fəaliyyətini əvvəlki kimi davam etdirəcək.
Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, Berlin artıq Gürcüstan hökuməti ilə danışıqlar aparıb və bildirib:
“İndi Gürcüstan hökumətini onun addımlarına görə qiymətləndirəcəyik. Növbəti qərarlarımız da bu qiymətləndirmədən asılı olacaq.”


