İrakli Kobaxidze: “Gürcüstan bu gün regionda sabitliyin və inkişafın lider dövlətidir”
Gürcüstanın baş naziri İrakli Kobaxidze Diplomatik Xidmət Günü münasibətilə keçirilən tədbirdə çıxış edərək bildirib ki, ölkənin düşünülmüş və prinsipial xarici siyasəti sayəsində Gürcüstan bu gün regionda sabitlik və tərəqqi baxımından lider dövlətdir.
Baş nazir diplomatları peşə bayramı münasibətilə təbrik edib və ölkənin milli maraqlarının, xarici siyasət prioritetlərinin və suverenliyinin möhkəmləndirilməsi istiqamətində sədaqətli xidmətlərinə və peşəkarlıqlarına görə onlara təşəkkürünü bildirib.
“Diplomatlar Gününün qeyd olunması artıq ənənəyə çevrilib və bu günün görkəmli gürcü mütəfəkkiri və ictimai xadimi Sulxan-Saba Orbelianinin adı ilə bağlı olması da simvolikdir. Onun fəaliyyəti gürcü diplomatiyasının inkişafının əsasını qoydu. Bu ilki tədbir Birinci Respublikanın xarici işlər naziri və görkəmli diplomat Akaki Çxenkelinin xatirəsinə həsr olunub. Gürcü diplomatlarının məhz bu kimi şəxslərin nümunəsini davam etdirməsi, ölkənin maraqlarına xidmət etməsi, suverenliyini qoruması və beynəlxalq arenada Gürcüstanın mövqelərini möhkəmləndirməsi çox önəmlidir,” – deyə Kobaxidze vurğulayıb.
Baş nazir əlavə edib ki, Gürcüstan hökumətinin əsas prioriteti deokkupasiya, ərazi bütövlüyünün dinc yolla bərpası, sülh və inkişafdır.
“Son beş il, xüsusilə də son üç il ölkəmiz üçün çoxsaylı çağırışlarla dolu oldu və bu dövrdə gürcü diplomatlarının rolu xüsusilə önəmli idi. Biz qürur duyuruq ki, bu illər ərzində Gürcüstanın diplomatik korpusu və Xarici İşlər Nazirliyi milli maraqlara prinsipial və qürurla xidmət edib. Hər bir səfirə və nazirlik əməkdaşına bunun üçün xüsusi təşəkkürümü bildirirəm,” – deyə Kobaxidze qeyd edib.
Baş nazir çıxışını diplomatlara peşəkar fəaliyyətlərində uğurlar arzulayaraq yekunlaşdırıb.


