Antikorrupsiya Bürosu ləğv edilir
2026-cı il 2 martdan etibarən Gürcüstanın Antikorrupsiya Bürosu ləğv olunacaq və onun bütün funksiyaları Dövlət Audit Xidmətinə keçiriləcək.
InterPress.ge xəbər veri ki, bu barədə parlament sədri Şalva Papuaşvili brifinqdə açıqlama verib.
Onun sözlərinə görə, həmin tarixdən etibarən Şəxsi Məlumatların Mühafizəsi Xidməti də ləğv ediləcək və funksiyaları tam şəkildə Dövlət Audit Xidmətinə ötürüləcək.
Papuaşvili bildirib ki, dəyişikliklərin əsas məqsədi idarəetmə sisteminin konstitusion çərçivəsinin möhkəmləndirilməsi və dövlət resurslarının optimallaşdırılmasıdır:
“Bizim məqsədimiz idarəetmə sistemini Konstitusiya ilə müəyyən edilmiş çərçivəyə uyğunlaşdırmaq və dövlət resurslarını optimallaşdırmaqdır. Korrupsiya ilə mübarizə hökumətin əsas prioritetlərindən biridir və bu istiqamətdə bir sıra mühüm addımlar atılıb. Prosesə hökumət administrasiyasının Effektivlik Departamenti, Dövlət Audit Xidməti, Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyi və Prokurorluq cəlb olunub.
Antikorrupsiya Bürosunun hazırkı əsas vəzifəsi vəzifəli şəxslərin, siyasi partiyaların və QHT-lərin maliyyə deklarasiyalarının toplanması və monitorinqidir. Hökumətlə aparılan məsləhətləşmələr nəticəsində belə qənaətə gəlinib ki, bu funksiya Konstitusiya baxımından daha uyğun olaraq Dövlət Audit Xidmətinə məxsus olmalıdır – daha yüksək və müstəqil konstitusion orqan kimi.”
Bundan başqa:
-
Bütün deklarasiya və monitorinq funksiyaları 2026-cı il 2 martdan Dövlət Audit Xidmətinə keçiriləcək.
-
Eyni tarixdən Şəxsi Məlumatların Mühafizəsi Xidməti də ləğv olunacaq və funksiyalar Audit Xidmətinə veriləcək.
-
Bu qurumun müstəqil konstitusion orqan olması, Papuaşvilinin sözlərinə görə, beynəlxalq standartlara tam uyğundur.
Papuaşvili əlavə edib ki, 2026-cı il 1 yanvardan biznes-ombudsmanı yeni institusional struktur çərçivəsində İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə tabe ediləcək. Bu, biznesin ehtiyaclarına daha çevik reaksiya vermək və koordinasiyanı yaxşılaşdırmaq məqsədi daşıyır.
Sonda parlament sədri vurğulayıb ki, dəyişikliklər dövlət idarəetmə sisteminin Konstitusiya çərçivəsinə uyğunlaşdırılmasını, resurslara qənaəti (ildə təxminən 20 milyon lari), funksiyaların sadələşdirilməsini və daha səmərəli idarəetməni təmin edəcək.


