Mixeil Saakaşvili: “Bu il Gürcüstan emigrantları ölkəyə 2,5 milyard dollardan çox vəsait göndərib, amma hökumət onların seçki hüququnu əlindən alır”
Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili bildirib ki, bu il xaricdə yaşayan gürcülər ölkəyə artıq 2 milyard 500 milyon dollardan çox pul göndəriblər.
InterPress.ge xəbər verir ki, bu barədə o, həbsdə olduğu halda “Facebook” səhifəsində yayımlanan müraciətində qeyd edir.
Saakaşvilinin sözlərinə görə, göndərilən vəsaitin bir hissəsi “hökumətin cibinə gedir”, indi isə hakimiyyət həmin insanları seçki hüququndan məhrum edir.
“Bu il gürcülər ölkəyə 2 milyard 500 milyon dollardan artıq pul köçürüblər. Bu pulun bir hissəsi, təbii ki, hökumətin cibinə gedir və indi həmin hökumət onların seçki hüququnu əlindən aldı. Artıq bu məsələyə mədəni şəkildə reaksiya vermək üçün söz çatmır,” – deyə Saakaşvili yazır.
Xatırlatma: “Gürcü Arzusu” yeni Seçki Məcəlləsi üzərində işləyir. Parlament sədri Şalva Papuaşvilinin açıqlamasına görə, sənəd tam şəkildə yenidən hazırlanır və yeniliklərdən biri də parlament seçkilərində yalnız Gürcüstan sərhədləri daxilində səsvermə imkanı olacaq.


