Şalva Papuaşvili: “2006–2007-ci illərdə qəbul edilmiş qərarlar xaricdən diktə olunmuşdu – bu, Gürcüstanın geosiyasi oyunlarda qurban kimi istifadəsi idi”
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili hakim partiyanın “keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin ərazisində yaradılmış inzibati vahidin administrasiyasının ləğvi” barədə qərarını şərh edərkən bildirib ki, 2006–2007-ci illərdə qəbul edilmiş qərarlar Gürcüstanın milli maraqlarına zidd idi və xarici güclərin təsiri ilə ölkənin geosiyasi oyunlarda “qurbanlıq piyada” kimi istifadəsinə xidmət edirdi.
Papuaşvili qeyd edib ki, 2006-cı ildə Saakaşvili hakimiyyətinin təşkilatçılığı ilə keçirilmiş “alternativ separatçı seçkilər” Konstitusiyanın kobud şəkildə pozulması ilə yanaşı, ölkəyə qarşı xəyanət idi və sonrakı eskalasiyanın əsasını qoydu.
“2006-cı ildə təşkil olunmuş qeyri-qanuni, anti-konstitusion separatçı seçkilər 2007-ci ildə həmin əsasla yaradılmış administrasiyanı doğurdu. Elə həmin il 1990-cı ilin inzibati sərhədləri də bərpa edildi və bu, eskalasiyaya yol açdı. Bütün bu zəncirvari addımlar 2008-ci ilin müharibəsi ilə nəticələndi. ‘Kokoiti fandarast’ mahnısı və nağara ilə gəzib guya ərazi bütövlüyünü bərpa etdiklərini düşünən bu məsuliyyətsiz davranışlar ölkəni müharibəyə apardı,” – deyə Papuaşvili qeyd edib.
O vurğulayıb ki, hazırkı qərar Gürcüstanın konstitusion prinsiplərinə və milli maraqlarına əsaslanır:
“Biz qərarlarımızı kimin bəyənəcəyinə, kimin narazı qalacağına görə vermirik. Bizə vacib olan gürcü xalqının maraqlarıdır. Cəmiyyətin reaksiyası da göstərir ki, bu qərar xalqın maraqlarına xidmət edir.”
Papuaşvili xüsusilə qeyd edib ki, “Cənubi Osetiya” terminindən istifadə edilməməsi Gürcüstanın “tanımama siyasəti”nin bir hissəsidir:
“Bizim hüquqi-siyasi terminologiyamızda ölkənin suverenliyinə zidd terminlərin mövcudluğu yolverilməzdir. Düzgün termin ‘Tsinvali regionudur’. 2006–2007-ci illərdə qəbul edilmiş addımlar faktiki olaraq separatizmin dolayı tanınması idi və bu, xaricdən diktə olunmuş geosiyasi ssenarinin bir hissəsi idi.”
O əlavə edib ki, qərarın ilk tənqidçiləri də “xaricdən maliyyələşən QHT-lər” olub və bu da proseslərin mənşəyinə dair əlavə sübutdur.
Xatırlatma: Hakim “Gürcü Arzusu” partiyası “keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin ərazisində yaradılmış inzibati vahidin administrasiyasının ləğvi” barədə qərar qəbul edib.


