ABŞ ATƏT-ə ultimatum verdi: “Islahatlar ya da təşkilatdan ABŞ-ın çıxması gündəmə gələ bilər”
ATƏT-in islahatlar aparmadığı halda ABŞ-ın təşkilatdan çıxmasının müzakirə oluna biləcəyi barədə Security and Human Rights Monitor platforması məlumat yayıb.
Məlumata görə, Vyanada keçirilən ATƏT-in ministerial görüşündə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə yüksək vəzifəli nümayəndəsi Brendon Hanrahan çıxış edərək bildirib ki, ABŞ hələlik ATƏT-də iştirakını davam etdirir, çünki “düzgün islahatlar aparılacağı təqdirdə təşkilat yenidən mühüm rol oynaya bilər”.
Onun sözlərinə görə, islahatlar həm ATƏT-in Avropada təhlükəsizliyin təminində funksiyasını yerinə yetirməsi, həm də ABŞ-ın təşkilatdakı iştirakı üçün vacibdir.
Hanrahan deyib ki, ATƏT “illərdir faktiki olaraq fəaliyyətsizdir” və dəyişiklik “real olmalıdır”.
“Açıq deyirəm: bizə dəyişiklik lazımdır. Nə simvolik jestlər, nə də boş bəyanatlar. Real, ciddi dəyişikliklər,” – deyə o vurğulayıb.
ABŞ-ın ATƏT qarşısında irəli sürdüyü üç tələb
ABŞ rəsmisi təşkilata üç konkret şərt qoyub:
1. Büdcənin azaldılması.
Vaşinqton 2026-cı ilin dekabrına qədər ATƏT-in illik büdcəsinin ən azı 15 milyon avro azaldılmasını tələb edir. Hanrahan bildirib ki, təşkilatın resursları “konfransların keçirilməsinə və hesabatların yazılmasına yox, sabitlik və sülh missiyalarına” sərf olunmalıdır.
2. Fundamental dəyişikliklər.
ATƏT “ölkələrə milli sosial siyasətin diktə edilməsini dayandırmalı” və daxili siyasi proseslərin dəyişdirilməsini öz funksiyası hesab etməməlidir. Hanrahanın sözlərinə görə, sərhədlərin və seçkilərin monitorinqi yalnız üzv dövlətlərin tam əməkdaşlığı ilə effektiv ola bilər.
3. Rusiyanın prosesə daxil edilməsi.
ABŞ rəsmisi bildirib ki, ATƏT “sülh üçün vacib olan aktorları – xüsusən Rusiyanı – prosesdən kənarda saxlamağı dayandırmalıdır”. Onun fikrincə, “Rusiyanın iştirakı olmadan münaqişələrin idarə olunması mümkün deyil”.
“ATƏT əsas missiyasını yalnız bundan sonra yerinə yetirə bilər”
Hanrahan bildirib ki, islahatlar həyata keçiriləcəyi təqdirdə ATƏT müxtəlif mövqelərə malik dövlətlərin danışıqlar masasında bir araya gəldiyi platforma kimi yenidən effektiv ola bilər. Bu platforma:
-
adi silahlanmaya nəzarət,
-
sərhəd təhlükəsizliyi,
-
terrorizm və çirkli pulların yuyulması ilə mübarizə,
-
və nəhayət, Rusiya və Ukrayna arasında mümkün sülh razılaşmasının təşviqi
kimi məsələləri həll etməyə yönəlməlidir.
ABŞ rəsmisi çıxışını belə tamamlayıb:
“Əgər ATƏT indiki kursu davam etdirərsə, ABŞ təşkilatda iştirak və dəstək səviyyəsinin yenidən qiymətləndirilməsini davam etdirəcək.”


