Xarici ölkə vətəndaşları külli miqdarda narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə saxlanılıb
Hüquq-mühafizə orqanları külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması və realizasiyasına kömək etmə ittihamı ilə xarici ölkə vətəndaşlarını saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, DİN-in Patrul Polisi Departamentinin Acara Baş İdarəsinin və eyni departamentin Baş İstintaq İdarəsinin Acara İstintaq Xidmətinin əməkdaşları 2005-ci il təvəllüdlü Qazaxıstan vətəndaşı B.A., 1980-ci il təvəllüdlü Ermənistan vətəndaşı H.A. və 1978-ci il təvəllüdlü Almaniya vətəndaşı O.K.-ni müxtəlif vaxtlarda saxlayıblar.
Patrul-inspektorlar şübhəliləri Batumi və Kobuleti şəhərlərində yoxlama məqsədilə saxlayıblar. Şəxsi axtarış, avtomobillərə və saxlanılanların müvəqqəti yaşayış yerlərinə baxış zamanı maddi sübut kimi külli miqdarda narkotik vasitələr və psixotrop maddələr aşkarlanaraq götürülüb. Aşkarlananlar arasında satış üçün qablaşdırılmış onlarla bağlama “metadon”, “heroin”, “alfa PVP”, “buprenorfin” və “pregabalin” olub.
Polis əməkdaşları tərəfindən, həmçinin narkotik vasitələrin qablaşdırılması üçün istifadə olunan materiallar da götürülüb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 260-cı prim və 261-ci maddələri ilə aparılır. Həmin maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


