13 
Dek
2025
23:42
159

Giorgi Pxakadze: Avropa ölkələri ərəb investisiyası naminə hər şeyə hazırdır

Səhiyyə üzrə ekspert Giorgi Pxakadze “Eagle Hills” şirkətinin investisiyası ilə bağlı danışarkən bildirib ki, hazırda Böyük Britaniya və Fransa daxil olmaqla bir sıra Avropa ölkələri ciddi şəkildə ərəb kapitalından asılı vəziyyətdədir. Onun sözlərinə görə, vaxtilə bu asılılıq Yaponiyaya, daha sonra isə Rusiyaya aid olub, hazırda isə ən böyük maliyyə resursları ərəb ölkələrinin əlində cəmləşib.

Pxakadze qeyd edib ki, Avropa ölkələri ərəb investisiyasını cəlb etmək üçün istənilən addımı atmağa hazırdır. Onun fikrincə, Gürcüstanda iri investisiyalara qarşı təşkil olunan aksiyalar pro-rus qüvvələr tərəfindən keçirilir və bu qüvvələr “Milli Hərəkat”la birlikdə ölkənin inkişafına qarşı çıxaraq faktiki olaraq Rusiyanın maraqlarına xidmət edirlər.

Ekspertin sözlərinə görə, investisiya yeni iş yerləri deməkdir və bu, sosial yardım deyil, insanların işləyərək gəlir əldə etməsi və iqtisadi dəyər yaratması anlamına gəlir. Pxakadze vurğulayıb ki, investisiya Gürcüstanın iqtisadiyyatının, təhsilinin və elminin inkişafına töhfə verəcək.

“O qədər beyinləri yuyulub ki, artıq bu vəziyyət adamı bezdirir. Aksiyalar təşkil edirlər, özü də kimlər? Pro-rus, düşüncəsiz insanlar. Mənim qənaətimə görə, ‘millətçilər’ və onların ətrafı Rusiyanın agentləridir. Bağışlayın, amma məntiqli izah tapa bilmirəm: insan öz ölkəsinin inkişafına necə qarşı çıxa bilər? İnvestisiya pis şey deyil. Ölkələr, o cümlədən ABŞ, Trampın özü ərəb ölkələrindən xahiş edir ki, trilyonlarla dollar investisiya qoysunlar. Pul hər zaman ölkənin potensialına uyğun sahələrə yatırılır. Biz sənaye ölkəsi deyilik, turizm ölkəsiyik və investisiya da turizmə yönəlir. Əgər ölkəyə pul gəlməsə, nə iqtisadiyyat, nə təhsil, nə də elm inkişaf edər – nəticədə yoxsulluq qalacaq,” – deyə Pxakadze bildirib.

O, həmçinin qeyd edib ki, şəxsi maraq naminə “Eagle Hills” şirkətinin ofisində olub və bütün suallarına ətraflı cavab alıb. Pxakadzenin sözlərinə görə, şirkətin Gürcüstana gəlişi tikinti sahəsində də yüksək standartların tətbiqinə səbəb olacaq.

“Mənim ‘Eagle Hills’də heç bir payım yoxdur. Sadəcə maraq üçün ofisə daxil oldum, hər şeyi çox diqqətlə araşdırdım. Ofisin özü, əməkdaşlar, istifadə olunacaq materiallar – hər şey ən yüksək səviyyədədir. Bu o deməkdir ki, ölkəyə tikintidə daha yüksək standartlar gəlir. Təəssüf ki, Tbilisidə çoxlu keyfiyyətsiz binalar var,” – deyə Pxakadze vurğulayıb.

Sonda o bir daha qeyd edib ki, ölkəyə iri və keyfiyyətli investisiya daxil olmadan Gürcüstanın inkişafı mümkün deyil.

Bizimlə əlaqə saxlayın