Dr. Aygül İsayevanın məqaləsi beynəlxalq jurnalda işıq üzü görüb
Dr. Aygül İsayevanın araşdırması beynəlxalq elmi jurnalda dərc olunub.
InterPress.ge xəbər verir ki, Dr. Aygül İsayevanın “Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı məqaləsi Scientific Research Publishing (Elmi Tədqiqat Nəşriyyatı) tərəfindən nəşr olunan Creative Education (Yaradıcı Təhsil) adlı beynəlxalq elmi jurnalda dərc edilib.
Müəllifin sözlərinə görə, bu araşdırma Gürcüstan azərbaycanlılarının ana dilinin qorunması və inkişaf etdirilməsi baxımından ən mühüm elmi töhfələrdən biri hesab olunur. Dr. Aygül İsayeva bildirib ki, mövzu üzrə elmi tədqiqatların azlığı bu istiqamətdə araşdırma aparmağı daha məsuliyyətli edir:
“Gürcüstan azərbaycanlılarının ana dili məsələsi ilə bağlı elmi araşdırmaların məhdudluğunu nəzərə alsaq, bu mövzuda tədqiqat aparmaq böyük məsuliyyət tələb edirdi. Hazırkı məqalə bu istiqamətdə aparılmış ilk fundamental araşdırmalardan biri kimi qiymətləndirilir. Ana dilimizin məişət dili səviyyəsinə enməsinin qarşısını almaq üçün belə elmi işlərin aparılmasına ciddi ehtiyac var. Əminəm ki, mövcud problemlərin həllində ən təsirli yol məhz elmi əsaslı yanaşmadır,” – deyə Dr. Aygül İsayeva bildirib.
Tədqiqatın sonunda əldə edilən nəticələrin Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi, eləcə də təhsil siyasəti ilə məşğul olan digər qurumlar üçün etibarlı mənbə rolunu oynayacağı qeyd olunur. Məqalədə mövcud problemlərin həlli istiqamətində bir sıra təkliflər və tövsiyələr də təqdim edilir.
Qeyd edək ki, Dr. Aygül İsayevanın sözügedən elmi məqaləsi onun ADA Universitetində uğurla müdafiə etdiyi dissertasiya işinə əsaslanır.


