Avtomobillərdə bu məcburi olacaq...
Uşaq oturacaqlarından istifadə ilə bağlı qanunvericilikdə dəyişiklik edilməsi planlaşdırılır. Dəyişikliyə əsasən, ilkin mərhələdə məktəbəqədər yaşlı uşaqlar üçün uşaq oturacaqlarından istifadə məcburi olacaq.
InterPress.ge xəbər verir ki, bu barədə hökumətin avqustun 5-də təsdiqlədiyi 2026-2030-cu illər üzrə Yol Təhlükəsizliyi Milli Strategiyasında qeyd olunub.
“Sərnişinlərin, piyadaların və digər yol hərəkəti iştirakçılarının ən həssas qruplarına piyadalar, uşaqlar, ikitəkərli nəqliyyat vasitələrini (motosiklet, moped, elektroskuter və digər vasitələr) idarə edən şəxslər, eləcə də əlilliyi olan şəxslər daxildir. Məhz bu həssas qrupların nümayəndələrinin təhlükəsizliyinə xüsusi diqqət yetirilməsi vacibdir.
Maarifləndirmənin artırılması istiqamətində müvafiq təhsil təşəbbüsləri həyata keçiriləcək. Bunlar arasında yol təhlükəsizliyi üzrə vahid onlayn təhsil resursları platformasının yaradılması da nəzərdə tutulur. Platforma həm valideynlər, həm də uşaqlar üçün uyğunlaşdırılmış və effektiv təlim imkanını təmin edəcək. Eyni kontekstdə yol təhlükəsizliyi mövzusu məktəbəqədər təhsil proqramlarına inteqrasiya ediləcək ki, bu da erkən yaşlardan təhlükəsiz davranış vərdişlərinin formalaşmasına kömək edəcək.
Bundan əlavə, mövcud yol infrastrukturu və gələcəkdə həyata keçiriləcək infrastruktur layihələrinin həssas qrupların daha yaxşı qorunmasına yönəldilməsi və onların ehtiyaclarına uyğunlaşdırılması vacibdir. Əlavə olaraq, piyadaların yol hərəkəti qaydalarına riayət etməsinin əhəmiyyəti ilə bağlı sosial kampaniyalar həyata keçiriləcək.
Həmçinin elektroskuter istifadəçiləri arasında yol-nəqliyyat hadisələrinin və ölüm hallarının qlobal artım dinamikası nəzərə alınaraq, mövcud qanunvericilik çərçivəsinin dərin təhlili aparılacaq və onların təhlükəsiz istismarının təmin edilməsi üçün müvafiq tövsiyələr hazırlanacaq”, – deyə hökumətin strategiyasında bildirilir.


