07 
Nybr
2026
16:01
106

Tbilisidə Zəfər Gününə həsr olunmuş "Koordinat 44" tamaşasının premyerası keçirilib

Tbilisidə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Koordinat 44” tamaşasının premyerası keçirilib.

InterPress.ge xəbər verir ki, tamaşa Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) dəstəyi ilə “Era Teatrı” tərəfindən hazırlanıb.

Səhnə əsərində aktiyorlar 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun işğal altında olan torpaqların, o cümlədən Şuşanın azad edilməsi uğrunda keçdiyi çətin və şərəfli yolu canlandırıblar. Müharibənin gərginliyi, hərbçilərin yaşadığı psixoloji sarsıntılar və Zəfərə aparan yol aktyor oyunu və səhnə quruluşu vasitəsilə tamaşaçılara təqdim olunub.

Belə ki, Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisidə “Koordinat 44” tamaşasının premyerası çərçivəsində çıxışı zamanı vətən müharibəsində qazanılan Zəfər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının qələbəsi olduğunu vurğulayıb.

Onun sözlərinə görə, 2020-ci il noyabrın 8-də Azərbaycan xalqının çoxəsrlik tarixinin ən şanlı səhifələrindən biri yazılıb.

“Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqın sarsılmaz birliyi nəticəsində tarixi ədalət bərpa olunub, ölkənin suverenliyi və milli qüruru təmin edilib”, – deyə səfir bildirib.

Diplomat qeyd edib ki, Zəfərə aparan yolun siyasi, ideoloji və mənəvi əsasları hələ 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub.

“Həmin dövrdə dövlətçiliyin möhkəmləndirilməsi, milli birliyin gücləndirilməsi və nizami ordunun formalaşdırılması istiqamətində atılan addımlar gələcək qələbənin əsasını təşkil edib”, – deyə Faiq Quliyev vurğulayıb.

Səfir bildirib ki, Vətən müharibəsində qazanılmış Qələbədən sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb.

“Ötən altı il ərzində azad edilmiş ərazilərdə həyat yenidən canlanıb, şəhər və kəndlər bərpa olunur, müasir yollar, məktəblər və mədəniyyət ocaqları tikilir. Xüsusilə keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı qələbədən sonrakı dövrün ən böyük sevinc və nailiyyətlərindəndir”, – deyə səfir qeyd edib.

Faiq Quliyev Vətən müharibəsi dövründə Gürcüstanın nümayiş etdirdiyi dostluq və həmrəyliyi də minnətdarlıqla xatırladıb. O, soydaşların bu dəstəyinin yalnız maddi yardım deyil, həm də mənəvi bağlılığın və qardaşlıq həmrəyliyinin göstəricisi olduğunu vurğulayıb.

Tamaşanın müəllifi və quruluşçu rejissoru, “Era Teatrı”nın bədii rəhbəri Anar Rafiqoğlu bildirib ki, layihənin təşəbbüsü Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən irəli sürülüb.

Onun sözlərinə görə, “Koordinat 44” teatrın sayca onuncu tamaşası, Zəfər və Anım günlərinə həsr olunan üçüncü səhnə əsəridir.

Anar Rafiqoğlu tamaşanın əsas məqsədinin tamaşaçılarda milli ruh, qürur və Vətən sevgisi hisslərini gücləndirmək olduğunu bildirib.

Tamaşada Altay obrazını canlandıran aktyor Elnur Vəlizadə isə rol üzərində işləyərkən müharibənin psixoloji gərginliyini dərindən hiss etdiyini söyləyib. Onun sözlərinə görə, obrazın yaşantıları, xüsusilə final monoloqu onun üçün emosional baxımdan ağır olub.

Elnur Vəlizadə bildirib ki, tamaşa vasitəsilə torpaqlar uğrunda canından keçən şəhidlərin və sağlamlığını itirən qazilərin fədakarlığını səhnə dili ilə tamaşaçılara çatdırmağa çalışırlar.

Premyeranı şəhid ailələrinin üzvləri, Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri, Gürcüstan Parlamentinin üzvləri, ictimaiyyət nümayəndələri, Türkiyə, Qazaxıstan və Türkmənistanın səfirləri, eləcə də Azərbaycanın Vətən müharibəsi iştirakçıları izləyiblər.

Qeyd edək ki, tamaşanın premyerası noyabrın 6-da Tbilisidə Vaxtanq Salaridze adına Konsert Zalında keçirilib.

Bizimlə əlaqə saxlayın