Kaxa Kaladze: Rustaveli prospektində reabilitasiya işləri noyabrın sonunda başa çatacaq
Tbilisi meri Kaxa Kaladze bildirib ki, Rustaveli prospektində aparılan reabilitasiya işlərinin noyabrın sonunda başa çatdırılması ilə bağlı sakinlərə verilən vəd yerinə yetiriləcək.
InterPress.ge xəbər verir ki, Kaladze Rustaveli prospektində aparılan reabilitasiya işlərinin gedişi ilə tanış olarkən bildirib ki, ərazidə işlər 24 saatlıq rejimdə davam etdirilir.
“Artıq ayrı-ayrı hissələrdə asfaltlama işlərinə başlanılıb. Konkret olaraq, Zeytun ağacından Lağidze küçəsinə qədər, həmçinin Azadlıq meydanından 9 Aprel küçəsinə qədər olan ərazilərdə işlər aparılır.
Yolun ayrı-ayrı hissələrində alt qatın döşənməsi həyata keçirilir. Açdığımız ilk hissədə, Çovelidze və Elbakidze yoxuşuna qədər olan yol sahəsində kommunikasiya quyularının qapaqlarının qaldırılması işlərinə başlanılıb. Ərazi asfaltın son qatının döşənməsi üçün hazırlanır.
Biz sakinlərə işlərin noyabrın sonunda başa çatacağını vəd etmişik və bu vəd, əlbəttə ki, yerinə yetiriləcək. Paralel olaraq, yaxın günlərdə yaşıllaşdırma işlərinə də başlanılacaq. Səkilərin abadlaşdırılması davam edir, yeni işıqlandırma dirəkləri quraşdırılacaq. Bütün işlər başa çatdıqdan sonra çox gözəl layihə ortaya çıxacaq”, – deyə Kaxa Kaladze bildirib.


