25 
Dek
2025
14:38
471

Azərbaycan və Türkiyə silahlı təcavüz halında bir-birinə hərbi yardım göstərəcək

Azərbaycan və Türkiyə silahlı təcavüzlə üzləşəcəkləri təqdirdə qarşılıqlı hərbi yardım göstərəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycan mediası məlumat yayıb.

Məlumata görə, sözügedən razılaşma “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında ikitərəfli hərbi təhlükəsizliyin gücləndirilməsi haqqında Anlaşma Memorandumu”nda əksini tapıb. Sənəd İlham Əliyev tərəfindən təsdiqlənib.

Səkkiz maddədən ibarət olan memorandumda qeyd olunur ki, tərəflərdən hər hansı biri silahlı təcavüzün qurbanı olarsa, Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq fərdi və kollektiv özünümüdafiə hüququnun həyata keçirilməsi çərçivəsində bir-birinə hərbi yardım göstərəcəklər.

Razılaşmaya əsasən, hərbi yardım tərəflərdən birinin rəsmi müraciəti əsasında və onların milli qanunvericiliklərində nəzərdə tutulan prosedurlara uyğun şəkildə həyata keçiriləcək. Sülh dövründə isə Azərbaycan və Türkiyə mütəmadi olaraq birgə hərbi təlimlər və manevrlər keçirəcək.

Memorandum yalnız hərbi əməkdaşlıq və hərbi təhlükəsizlik sahəsini əhatə edir və bu çərçivədə müdafiə sahəsində qarşılıqlı yardımın göstərilməsini, təlimlərin keçirilməsini, təminat məsələlərini və tərəflərin birgə operativ imkanlarının gücləndirilməsini nəzərdə tutur.

Sənədə görə, tərəflər milli qanunvericiliklərinə uyğun şəkildə hərbi sahədə informasiya mübadiləsini və hərbi kəşfiyyat əməkdaşlığını genişləndirəcəklər. Bu çərçivədə onlar hərbi təhlükəsizlik sahəsində əldə edilən, o cümlədən məxfi və xüsusi əhəmiyyət daşıyan məlumatları bir-biri ilə paylaşa və həmin məlumatlardan birgə əməliyyatlar zamanı istifadə edə bilərlər.

Memorandumun şərhi və ya icrası ilə bağlı yarana biləcək bütün fikir ayrılıqları yalnız tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcək. Sənədə dəyişiklik və ya əlavələr isə tərəflərin qarşılıqlı yazılı razılığı əsasında istənilən vaxt edilə bilər.

Bizimlə əlaqə saxlayın