Dimitri Samxaradze Şalva Natelaşviliyə cavab verdi: “Natelaşvilidən çirkli yalan məni təəccübləndirmir”
“Gürcü Arzusu” partiyasının regional katibi Dimitri Samxaradze müxalif siyasətçi Şalva Natelaşvilinin açıqlamasına sosial şəbəkə vasitəsilə sərt cavab verib.
Şalva Natelaşvili paylaşdığı videoda iddia edib ki, “Bidzina İvanişvili ağır təhqirlər işlətməyi bacarır” və onun sözlərinə görə, bunu “İvanişvilidən uzaqlaşan şəxslər” özləri danışırlar. Natelaşvili bildirib ki, İvanişvili kadrları da bu prinsiplə seçir, hətta anaya qarşı təhqiramiz ifadələr işlədir və buna dözən şəxsləri, o cümlədən İrakli Kobaxidze və İrakli Qaribaşvili kimi siyasətçiləri daha sonra irəli çəkir.
Dimitri Samxaradze isə bu iddiaları qətiyyətlə təkzib edərək vurğulayıb ki, “Gürcü Arzusu”nun qurucusu və fəxri sədri Bidzina İvanişvili heç vaxt, heç kəsə qarşı nə açıq şəkildə, nə də şəxsi söhbətlərdə təhqiramiz ifadə işlədib.
Samxaradze paylaşımında bildirib ki, Natelaşvilinin səsləndirdiyi fikirlər çirkli yalandır və bu cür açıqlamalar ondan gözləniləndir. O qeyd edib ki, İvanişvilidən fərqli olaraq, özü sərt ifadələr işlətməyi bacarsa da, Natelaşvili haqqında söz deməyə belə dəymədiyini düşünür. Samxaradze Natelaşvilini müxalifətin “klounu”, pulla satılan və ölkəni satan şəxs kimi xarakterizə edib və onun səviyyəsizliyini xüsusi vurğulayıb.
Qeyd edək ki, sözügedən polemika tərəflərin sosial şəbəkələrdə yaydıqları açıqlamalar fonunda davam edir.


