Kobaxidze: Gürcüstan Avropada iqtisadi artım üzrə liderdir
Gürcüstan Avropada iqtisadi artım tempinə görə lider mövqedədir.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze Tbilisi Beynəlxalq Aeroportunun genişləndirilməsi layihəsinin təqdimatında çıxışı zamanı bildirib.
Baş nazir vurğulayıb ki, son beş il ərzində Gürcüstan ən yüksək iqtisadi göstəricilərə malik olub.
Onun sözlərinə görə, son 5 ildə ölkənin orta illik iqtisadi artımı 9,3 faiz təşkil edib, nominal iqtisadiyyatın həcmi isə 16 milyard dollardan 37,5 milyard dollara yüksəlib. Kobaxidze qeyd edib ki, bu inkişaf tempi ölkədə turizm və aviasiya sahələrinin daha fəal şəkildə inkişaf etdirilməsinə geniş imkanlar yaradır.
Baş nazir bildirib ki, aeroportun genişləndirilməsi layihəsi gələcəkdə iqtisadi inkişafın daha da sürətlənəcəyinə inam yaradır. O, xarici tərəfdaşlara, İqtisadiyyat Nazirliyinə və layihənin hazırlanmasında iştirak edən bütün şəxslərə təşəkkür edib və onlara uğurlar arzulayıb.


