20 
Yan
2026
16:50
235

Ursula fon der Layen: “Geosiyasi şoklar Avropanın yeni müstəqilliyini qurmaq üçün fürsətdir”

Avropa Komissiyasının Prezidenti Ursula fon der Layen bildirib ki, Avropa İttifaqı “geosiyasi şokları” Avropanın müstəqilliyinin yeni formasını inşa etmək üçün fürsətə çevirməlidir.

O, Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı qeyd edib ki, bu gün yaşanan dərin və sürətli dəyişikliklər Avropa üçün həm imkan, həm də zərurətdir. Ursula fon der Layenin sözlərinə görə, “Avropa müstəqilliyi” anlayışı bir il əvvəl səsləndiriləndə skeptik yanaşmalarla qarşılanmışdı, lakin artıq real konsensus formalaşıb. Bu isə dəyişikliklərin sürəti və miqyasının görünməmiş dərəcədə artması ilə bağlıdır.

Avropa Komissiyasının Prezidenti vurğulayıb ki, Aİ yeni çağırışlara cavab vermək üçün dərhal addımlar atıb və bu, enerji, xammal, müdafiə və rəqəmsal sahələri əhatə edir. Onun sözlərinə görə, bu fürsətdən yalnız dəyişikliklərin qalıcı olduğunu qəbul etdikdə yararlanmaq mümkündür. “Nostalgiya keçmişi geri qaytara bilməz. Köhnə düzənin qayıdacağına ümid etmək struktur asılılıqları aradan qaldırmır. Əgər dəyişiklik qalıcıdırsa, Avropa da qalıcı şəkildə dəyişməlidir. Yeni, müstəqil Avropanı qurmağın vaxtıdır”, – deyə Ursula fon der Layen bildirib.

O qeyd edib ki, bu yeni Avropa artıq formalaşmaqdadır və buna misal kimi Aİ ilə MERCOSUR ölkələri arasında yaxın vaxtlarda imzalanmış ticarət sazişini göstərib. Bildirilib ki, bu razılaşma dünyaya açıq mesaj verir: tariflər əvəzinə ədalətli ticarət, izolyasiya əvəzinə tərəfdaşlıq, istismar əvəzinə davamlılıq seçilir və iqtisadi risklərin azaldılması, təchizat zəncirlərinin şaxələndirilməsi prioritetdir.

Avropa Komissiyasının Prezidenti Qrenlandiya məsələsinə də toxunaraq, Arktika regionunun təhlükəsizliyi mövzusunda Avropanın tam öhdəlik daşıdığını və bu məsələdə Avropa İttifaqının ABŞ ilə eyni məqsədləri bölüşdüyünü bildirib. O qeyd edib ki, Arktikanın təhlükəsizliyi yalnız birgə səylərlə təmin oluna bilər və uzunmüddətli müttəfiqlər arasında əlavə tariflərin təklif edilməsi səhv addımdır. Xatırladılıb ki, Aİ və ABŞ ötən ilin iyulunda ticarət razılaşması üzrə anlaşma əldə ediblər və razılaşma razılaşma olaraq qalmalıdır.

Ursula fon der Layenin sözlərinə görə, Aİ amerikalıları təkcə müttəfiq deyil, həm də dost hesab edir. O bildirib ki, qarşıdurma yalnız hər iki tərəfin uzaq tutmağa çalışdığı rəqiblərə fayda verər. Bu səbəbdən Aİ-nin cavabı qətiyyətli, vahid və proporsional olacaq. Bununla yanaşı, Arktika təhlükəsizliyinin dəstəklənməsi üçün xüsusi paket üzərində iş aparılır.

Prezident qeyd edib ki, bu çərçivədə Qrenlandiya və Danimarka ilə tam həmrəylik əsas prinsipdir və onların ərazi suverenliyi və bütövlüyü mübahisə doğurmur. Avropa Qrenlandiyada investisiyaların əhəmiyyətli dərəcədə artırılması, yerli iqtisadiyyatın və infrastrukturun dəstəklənməsi üçün Kopenhagen və Nuukla əməkdaşlığı genişləndirməyi planlaşdırır. Eyni zamanda, ABŞ və digər tərəfdaşlarla Arktikanın ümumi təhlükəsizliyi, həmçinin Böyük Britaniya, Kanada, Norveç, İslandiya və digər regional tərəfdaşlarla təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi nəzərdən keçirilir.

Sonda Ursula fon der Layen vurğulayıb ki, Avropa yeni təhlükəsizlik arxitekturasına uyğunlaşmalı və mövcud reallıqlara cavab verməlidir. Bu məqsədlə Aİ bu il öz təhlükəsizlik strategiyasını təqdim etməyi planlaşdırır və həmin sənəd çərçivəsində Arktika strategiyası yenilənəcək. Strategiyanın mərkəzində isə əsas prinsip dayanacaq: suveren xalqlar öz gələcəklərini özləri müəyyən etməlidir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər