Maka Boçorişvili: ABŞ-ın yeni administrasiyası Gürcüstanla bağlı mənfi irsi yenidən nəzərdən keçirməlidir
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili İtaliyada Qış Olimpiya Oyunları çərçivəsində ABŞ nümayəndələri ilə keçirdiyi görüşlər barədə açıqlama verib. Nazir bildirib ki, yaxın vaxtlarda ABŞ tərəfindən Gürcüstanla münasibətlərin normallaşdırılması istiqamətində konkret addımların atılacağına ümid edir.
Boçorişvili qeyd edib ki, Milan Olimpiadasının açılışı zamanı ABŞ dövlət katibi Marko Rubio ilə söhbət etmək imkanı olub. Onun sözlərinə görə, yeni administrasiyanın Gürcüstanla bağlı üzləşdiyi irsin çox mənfi olduğu açıq şəkildə etiraf edilib və dövlət katibi bu irsin yenidən nəzərdən keçirilməli olduğunu, eləcə də Gürcüstanla münasibətlərin Amerika Birləşmiş Ştatlarının gündəliyində daha ön sıralara çəkilməli olduğunu birmənalı şəkildə bəyan edib.
Nazir vurğulayıb ki, Gürcüstan ABŞ-la münasibətlərin “təmiz səhifədən” başlanmasını, hər iki ölkənin milli maraqları nəzərə alınmaqla məzmunlu strateji tərəfdaşlığın qurulmasını istəyir. Boçorişvilinin sözlərinə görə, məhz bu yanaşma gələcəkdə müzakirə ediləcək digər mühüm məsələlər üçün də sağlam əsas yaradacaq.


