Avropa İttifaqı “Sülh Şurası”nın sammitində müşahidəçi qismində iştirak edəcək
Avropa İttifaqı “Sülh Şurası”nın sammitinə müşahidəçi statusu ilə qatılacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Qiyom Mersyenin brifinqdə məlumat verib.
Onun sözlərinə əsasən, Vaşinqtonda keçiriləcək “Sülh Şurası”nın ilk sammitində Aİ-ni Avropa Komissarı Dubravka Şuitsa müşahidəçi qismində təmsil edəcək.
“Komissar Şuitsa həftənin sonunda Vaşinqtona səfər edəcək və ‘Sülh Şurası’nın sammitində, xüsusilə Qəzza məsələsinə həsr olunmuş hissədə iştirak edəcək. Xüsusilə vurğulamaq istəyirəm ki, Avropa Komissiyası ‘Sülh Şurası’nın üzvünə çevrilmir”, – deyə Mersye bildirib.
Qeyd edək ki, “Sülh Şurası”nın ilk sammiti fevralın 19-da Vaşinqtonda keçiriləcək. Təşkilatın nizamnaməsinin imzalanma mərasimi ötən ay Davosda baş tutub. Hazırda Şuranın tərkibində nizamnaməni imzalamış 22 dövlət yer alır.
ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi “Sülh Şurası” ilkin olaraq Qəzzanın bərpasına cavabdeh qurum kimi formalaşdırılsa da, təşkilatın nizamnaməsinə əsasən, onun missiyası dünya üzrə mövcud münaqişələrin həllinə yönəlib.


