Avropa Komissiyası Trampın tariflərlə bağlı bəyanatına reaksiya verib
Avropa Komissiyası ABŞ prezidenti Donald Trampın tariflərin artırılması ilə bağlı bəyanatına münasibət bildirərək, Vaşinqtonun ötən il Avropa İttifaqı ilə əldə olunmuş ticarət razılaşmasının şərtlərinə əməl etməli olduğunu açıqlayıb.
InterPress.ge-nin məlumatına görə, komissiyanın yaydığı bəyanatda bildirilir ki, ABŞ-ın atmağı planlaşdırdığı addımlarla bağlı tam izahat tələb olunur. Qeyd edilir ki, mövcud vəziyyət tərəflərin 2025-ci ilin avqustunda qəbul etdiyi Aİ–ABŞ birgə bəyanatında nəzərdə tutulan “ədalətli, balanslı və qarşılıqlı faydalı” transatlantik ticarət və investisiya mühitinə uyğun deyil.
Avropa Komissiyası vurğulayıb ki, Aİ öz maraqlarının tam qorunmasını təmin edəcək və Aİ şirkətləri ilə ixracatçılarına ədalətli münasibət göstərilməlidir.
“Razılaşma razılaşmadır. ABŞ-ın ən böyük ticarət tərəfdaşı kimi Avropa İttifaqı gözləyir ki, ABŞ birgə bəyanatda əks olunan öhdəlikləri yerinə yetirsin – necə ki, Aİ öz öhdəliklərinə əməl edir. Xüsusilə, Aİ məhsulları ən rəqabətqabiliyyətli rejimdən yararlanmağa davam etməlidir və tariflərin artırılması əvvəlcədən razılaşdırılmış aydın və hərtərəfli limitdən kənara çıxmamalıdır”, – deyə bəyanatda qeyd olunub.
Komissiya əlavə edib ki, tariflər həm istehlakçılar, həm də biznes üçün xərcləri artıran vergilərdir. Qeyri-proqnozlaşdırılan tətbiq isə qlobal bazarlarda etimadı və sabitliyi sarsıdır, beynəlxalq təchizat zəncirlərində əlavə qeyri-müəyyənlik yaradır.
Aİ tariflərin azaldılması istiqamətində işi davam etdirəcəyini və qaydalara əsaslanan açıq ticarət sisteminin gücləndirilməsinə sadiq qaldığını bəyan edib. Eyni zamanda, “sıfır tarif” prinsipi əsasında geniş və ambisiyalı ticarət razılaşmaları şəbəkəsinin genişləndirilməsi planlaşdırılır.
Məlumat üçün bildirək ki, Donald Tramp şənbə günü bütün ölkələr üçün tariflərin 10 faizdən 15 faizə qədər artırılacağını açıqlayıb. Bu bəyanat ABŞ Ali Məhkəməsinin prezident tərəfindən tətbiq edilmiş fövqəladə tarifləri qanunsuz elan etməsindən sonra səsləndirilib. Məhkəmə qərarında qeyd olunub ki, Tramp genişmiqyaslı qlobal tarifləri birtərəfli qaydada tətbiq etməklə federal qanunu pozub.
Tramp sosial şəbəkədə yazıb ki, Ali Məhkəmənin qərarının “tam və ətraflı” nəzərdən keçirilməsindən sonra 10 faizlik qlobal tarifləri dərhal 15 faizə qədər artıracaq.


