Donald Tramp: ABŞ İranda genişmiqyaslı hərbi əməliyyata başlayıb
ABŞ İranda genişmiqyaslı hərbi əməliyyata başlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyanat yayıb.
Trampın sözlərinə görə, əməliyyatın əsas məqsədi İran rejimindən qaynaqlanan təhlükəni aradan qaldırmaq və Amerika xalqını qorumaqdır.
“İranın qəddar rejiminin hərəkətləri birbaşa ABŞ-yə, hərbçilərimizə, xaricdəki bazalarımıza və bütün dünyadakı müttəfiqlərimizə təhlükə yaradır”, – deyə Donald Tramp bildirib.
ABŞ prezidentinin sözlərinə görə, əməliyyatın hədəfi İranın nüvə və raket proqramlarının məhv edilməsidir.
“Bu terrorçu rejimin heç vaxt nüvə silahı olmayacaq. Bir daha deyirəm: onların heç vaxt nüvə silahı olmayacaq”, – deyə Tramp vurğulayıb.
Donald Tramp İranın “İslam İnqilabı Keşikçiləri Korpusu”nu silahı yerə qoymağa çağırıb.
“İslam İnqilabı Keşikçiləri Korpusu, silahlı qüvvələr və polisə müraciət edirəm – silahı yerə qoyun. Sizə ədalətli davranılacaq, əks halda qaçılmaz ölüm təhlükəsi ilə üzləşəcəksiniz”, – deyə o qeyd edib.
ABŞ prezidenti İran xalqına da müraciət edərək onları təhlükəsiz yerlərdə qalmağa çağırıb.
“Azadlığınızın saatı yaxınlaşır. Biz işimizi başa çatdırdıqdan sonra hökuməti siz təhvil alacaqsınız. O, sizin olacaq. Bu, yəqin ki, gələcək bir neçə nəsil üçün son şansınızdır. Siz illərdir Amerikanın yardımını istəyirdiniz, lakin indiyədək bunu almamısınız. Heç bir prezident mənim etdiklərimi etməyə hazır olmayıb”, – deyə Donald Tramp bildirib.


