Donald Tramp: Silahı yerə qoyanlara “tam immunitet”, imtina edənlərə “qaçılmaz ölüm” gözləyir
İran İnqilab Keşikçiləri Korpusunun silahı yerə qoyacaq üzvlərinə “tam immunitet” veriləcək, imtina edənləri isə “qaçılmaz ölüm” gözləyir.
InterPress.ge xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.
“Bir daha İnqilab Keşikçilərini və İranın hərbi polisini silahı yerə qoymağa və tam immunitet qəbul etməyə çağırıram, əks halda onları qaçılmaz ölüm gözləyir... Bu, qaçılmaz ölüm olacaq. Bu, xoş olmayacaq”, – deyə Tramp bildirib.
İran xalqına müraciət edən ABŞ prezidenti onları “bu andan istifadə etməyə” çağırıb və verdiyi yardım vədini yerinə yetirdiyini vurğulayıb.
“Azadlıq istəyən bütün iranlı vətənpərvərləri bu məqamdan istifadə etməyə, cəsur, qətiyyətli və qəhrəman olmağa və öz ölkələrini geri almağa çağırıram. Amerika sizinlədir. Mən sizə söz vermişdim və bu sözü yerinə yetirdim”, – deyə Tramp qeyd edib.
Xatırladaq ki, yanvar ayında İranda etiraz aksiyaları zamanı Tramp Truth Social platformasında “Kömək yoldadır” paylaşımını etmişdi.


