Avroparlamentar: Tbilisi bütün siyasi məhbusları dərhal azad etməlidir
Avropa Parlamentinin deputatı Malqojata Qoşevska Avropa Parlamentində Gürcüstanla bağlı keçirilən debat zamanı bildirib ki, Tbilisi mümkün qədər tez bütün siyasi məhbusları azad etməlidir.
InterPress.ge xəbər verir ki, onun sözlərinə görə, mahiyyət etibarilə repressiv olan qanunlar da geri çağırılmalıdır.
“Bu ölkə yaxşı və sağlam gələcəyi haqq edir və Avropa İttifaqı ona kömək etməyə borcludur”, – deyə Qoşevska qeyd edib.
Avroparlamentar bildirib ki, bir vaxtlar islahatların simvolu hesab olunan Gürcüstan hazırda korrupsiya, repressiyalar və siyasi zorakılıq içindədir.
Onun sözlərinə görə, hazırda siyasi səbəblərlə 150 nəfər həbsdədir.
“Onların arasında müxalifət liderləri, jurnalistlər, sosial işçilər, tələbələr və sadə vətəndaşlar var – yəni baxışlarına və dinc etirazlarına görə cəzalandırılan insanlar. Keçmiş prezident Mixeil Saakaşvili də bunun nümunəsidir. Qeyd etmək istəyirəm ki, dünən müzakirə olunan qətnamədə bu fakt qeyd edilməyib. Bu məni təəccübləndirir və narahat edir. Siyasi oyunların vaxtı deyil. Bu ölkədə qanunun aliliyi ilə bağlı problemlərə qarşı real mübarizə aparmalıyıq”, – deyə o bildirib.
Qoşevska əlavə edib ki, Gürcüstanda hakimiyyət anti-Qərb təbliğatı və dezinformasiya ilə işləyir və bu, Rusiyanın fəaliyyət üsullarına bənzəyir.
“Buna görə də Avropa İttifaqının sanksiyaları təkcə təbliğat üslublu mediaya deyil, həm də Gürcüstanda demokratiyanın məhv edilməsinə görə məsuliyyət daşıyan şəxslərə şamil olunmalıdır”, – deyə Malqojata Qoşevska vurğulayıb.


