14 
Mar
2026
13:59
88

“Moskva mexanizmi”nin müəllifi Patrisia Qjebik kimdir?

ATƏT-in “Moskva mexanizmi” çərçivəsində hazırlanmış hesabatın müəlliflərindən biri kimi təqdim olunan “müstəqil ekspert” Patrisia Qjebikin fəaliyyəti ilə bağlı yeni məlumatlar yayılıb.

InterPress.ge-nin məlumatına görə, Patrisia Qjebik Varşava Universitetinin Siyasi Elmlər və Beynəlxalq Araşdırmalar fakültəsinin dosentidir. Lakin məlumatlara əsasən, onun akademik fəaliyyəti ilə yanaşı Polşa hökuməti ilə də sıx əlaqələri mövcuddur.

2026-cı il 3 mart tarixli məlumatda, “The Jagiellonian Law Society” hüquq cəmiyyətinin yaydığı informasiyaya görə, professor Qjebik Polşa Xarici İşlər Nazirliyinin Məsləhət Şurasının üzvü, Avropa Beynəlxalq Hüquq Cəmiyyətinin Şurasının üzvü və Humanitar Fəaliyyət Şəbəkəsinin (NOHA) prezidentidir. Həmçinin o, Beynəlxalq Məhkəmədə Polşanın hüquqi müşaviri kimi fəaliyyət göstərib və dövlət qurumları üçün ekspert analizlərinin müəllifi olub.

Eyni məlumat “Kościuszko Foundation” fondunun səhifəsində də qeyd olunur.

2024-cü ildə Polşa Xarici İşlər Nazirliyinin rəsmi saytında nazirin Məsləhətçi Hüquq Komitəsinin ilk iclası ilə bağlı məlumat dərc olunub. Məlumatda bildirilib ki, komitəyə Polşanın akademik və elmi mərkəzlərini təmsil edən beynəlxalq hüquq üzrə alim və mütəxəssislər daxil edilib. 15 nəfərlik siyahıda Patrisia Qjebikin adı ikinci yerdə göstərilib.

Bundan başqa, ötən il Polşanın BMT-dəki nümayəndəliyi professor Patrisia Qjebikin 2026–2029-cu illər üçün BMT-nin İşgəncələrə Qarşı Komitəsinə namizədliyinin təqdimatı ilə bağlı qəbul təşkil edib. Bu barədə material Polşa konsulluğu tərəfindən X sosial şəbəkəsində yayımlanıb.

InterPress.ge-nin məlumatına görə, Qjebikin Polşa hökuməti ilə əlaqələri bununla məhdudlaşmır. O, dövlət tərəfindən maliyyələşdirilən analitik mərkəz olan Polşa Beynəlxalq Münasibətlər İnstitutunun (PISM) Şurasının üzvüdür və Polşa Mədəniyyət Nazirliyinin nəzarətində fəaliyyət göstərən Mieroşevski Mərkəzinin məsləhət şurasında da yer alır.

Bundan əlavə, o, 2025-ci ildə Roma Statutuna tərəf dövlətlərin Assambleyasının xüsusi sessiyasında Polşanın rəsmi nümayəndə heyətinin tərkibində ekspert qismində iştirak edib.

Qeyd olunur ki, “Moskva mexanizmi” hesabatının müəlliflərindən biri olan Patrisia Qjebikin beynəlxalq hüquq sahəsində akademik fəaliyyətinin başlanğıcı da Polşa Xarici İşlər Nazirliyinin təqdim etdiyi təqaüdlə bağlıdır.

Bizimlə əlaqə saxlayın