Abbas Araqçi: İran Hörmüz boğazından təhlükəsiz keçidlə bağlı bəzi ölkələrlə danışıqlara açıqdır
İran Hörmüz boğazından təhlükəsiz keçidlə bağlı danışıqlar aparmaq istəyən ölkələrlə əməkdaşlığa açıqdır.
InterPress.ge xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi CBS News telekanalına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, bəzi ölkələr artıq öz gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidi ilə bağlı Tehrana müraciət ediblər.
“Biz gəmilərinin təhlükəsiz keçidi ilə bağlı bizimlə danışmaq istəyən ölkələrə açığıq. Hansısa konkret ölkənin adını çəkə bilmərəm, lakin bir neçə dövlət artıq bizə müraciət edib və gəmiləri üçün təhlükəsiz keçid istəyib”, – deyə Araqçi qeyd edib.
InterPress.ge-nin məlumatına görə, nazir bildirib ki, bu məsələ ilə bağlı son qərarı İranın hərbi strukturları verir.
Onun sözlərinə görə, İran hərbçiləri artıq bəzi ölkələrin gəmilərinə boğazdan təhlükəsiz keçid verilməsi barədə qərar qəbul ediblər və onların təhlükəsizliyi təmin olunacaq.
Araqçi müsahibəsində həmçinin vurğulayıb ki, İran hazırda ABŞ ilə davam edən münaqişə fonunda atəşkəs və ya danışıqlar tələb etmir. Bununla yanaşı, Tehran lazım olduğu qədər uzun müddət özünü müdafiə etməyə hazır olduğunu bəyan edib.


