17 
Mar
2026
12:13
242

Donald Tramp İranın Fars körfəzi ölkələrinə hücumları ilə bağlı - heç kim bunu gözləmirdi, biz şoka düşdük

İran bu gün Birləşmiş Ərəb Əmirlikləri və Fars körfəzi regionunun digər ölkələrinə qarşı yeni hücumlar həyata keçirib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Reuters агентliyi yayıb.

ABŞ prezidenti Donald Tramp bildirib ki, bu cür hücumlar gözlənilməz olub. Lakin Reuters-in mənbələrinə görə, o, münaqişə başlamazdan əvvəl bu hücumlarla bağlı xəbərdar edilib.

Məlumata görə, bu gün səhər Bağdadda ABŞ səfirliyinə raketlər və azı beş pilotsuz uçuş aparatı ilə hücum edilib. İran həmçinin BƏƏ-ni hədəf alıb, nəticədə ölkənin hava məkanı müvəqqəti bağlanıb. Bununla yanaşı, dünən və bu gün BƏƏ-nin əsas neft ixrac limanı olan Füceyrədə yerləşən neft obyektinə dron hücumu həyata keçirilib. BƏƏ hakimiyyəti bildirib ki, zərərsizləşdirilən ballistik raketin qalıqları Əbu-Dabinin Bani Yas rayonuna düşüb, nəticədə Pakistan vətəndaşı olan bir nəfər həlak olub. Əbu-Dabidə yerləşən Şah qaz yatağına dron hücumu nəticəsində isə yanğın baş verib.

Donald Tramp qeyd edib ki, İranın qonşu ölkələrə – o cümlədən Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Küveytə qarşı həyata keçirdiyi zərbələr gözlənilməz olub.

“Onlar (İran) Yaxın Şərqdə bu qədər ölkəyə hücum etməməli idilər. Bunu heç kim gözləmirdi. Şokda idik. Heç kim, heç kim bunu gözləmirdi. Hətta ən böyük ekspertlər belə bunu düşünmürdü”, – deyə Tramp bildirib.

Lakin Reuters yazır ki, ABŞ rəsmisi və ABŞ kəşfiyyat hesabatları ilə tanış olan iki mənbənin sözlərinə görə, Tramp İranın hədəf alınmasının ABŞ-ın Fars körfəzi üzrə müttəfiqlərinə qarşı zərbələrə səbəb ola biləcəyi barədə əvvəlcədən xəbərdar edilib.

Agentliyin anonim qalmaq istəyən mənbələrinin bildirdiyinə görə, Trampa müharibədən əvvəl məlumat verilib ki, İrana qarşı hücumlar daha geniş regional münaqişəyə, o cümlədən İranın Fars körfəzi ölkələrinin paytaxtlarına hücumlarına səbəb ola bilər. Xüsusilə də Tehran bu ölkələrin ABŞ tərəfindən həyata keçirilən bombardmanı dəstəklədiyini düşünəcəyi təqdirdə belə bir ssenari mümkündür.

Reuters-in məlumatına görə, əməliyyat başlamazdan əvvəl Trampa həmçinin Tehranın iqtisadi baxımdan həyati əhəmiyyət daşıyan Hörmüz boğazını bağlamağa cəhd göstərə biləcəyi də bildirilib.

Bizimlə əlaqə saxlayın