Ər-Riyadda görüş: 12 ölkə İranı hücumları dayandırmağa çağırıb
Ərəb və İslam ölkələrinin xarici işlər nazirləri İranı hücumları dayandırmağa çağırıblar.
InterPress.ge xəbər verir ki, 12 ölkənin xarici işlər nazirlərinin görüşü Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilib.
Görüşdə İranın Fars körfəzi ölkələrinə qarşı raket və dron hücumları qəti şəkildə pislənib.
Birgə bəyanatda qeyd olunub ki, İranın mülki obyektlərə, neft infrastrukturlarına, hava limanlarına, yaşayış komplekslərinə və diplomatik binalara yönəlmiş hücumları qəbuledilməzdir.
“Nazirlər İranın mülki obyektlərə, neft obyektlərinə, hava limanlarına, yaşayış komplekslərinə və diplomatik binalara qarşı məqsədli hücumlarını pisləyiblər. Onlar vurğulayıblar ki, bu cür hücumlara haqq qazandırmaq mümkün deyil və dövlətlərin BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünü müdafiə hüququnu bir daha təsdiqləyiblər”, – deyə bəyanatda bildirilir.
Görüşdə Azərbaycan, Bəhreyn, Misir, İordaniya, Küveyt, Livan, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri iştirak ediblər.


