19 
Mar
2026
11:54
168

Tramp BBC-ni süni intellektlə sözlərini təhrif etməkdə ittiham edib

ABŞ prezidenti Donald Tramp BBC-ni onun sözlərini təhrif etməkdə və süni intellektdən istifadə edərək “ağzına söz qoymaqda” ittiham edib.

InterPress.ge xəbər verir ki, Tramp bu barədə jurnalistin BBC-yə qarşı məhkəmə prosesi ilə bağlı sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, BBC onu heç vaxt demədiyi fikirləri səsləndirmiş kimi təqdim edib.

“BBC inanılmaz bir şey edib. Onlar məni elə təqdim ediblər ki, guya mən heç vaxt demədiyim şeyləri demişəm. Belə bir halı heç vaxt görməmişəm”, – deyə Tramp bildirib.

ABŞ prezidenti qeyd edib ki, buna bənzər hal daha əvvəl CBS telekanalında da baş verib, lakin BBC bu məsələdə daha da irəli gedib.

“Onlar süni intellektdən istifadə edərək sözləri ağzıma qoydular və guya mən pis ifadələr işlətmişəm. Mən isə dedim ki, bunu heç vaxt deməmişəm. Sonradan məlum oldu ki, bu, süni intellekt tərəfindən yaradılıb”, – deyə o vurğulayıb.

Tramp həmçinin BBC-ni İranla bağlı xəbərləri yanlış təqdim etməkdə ittiham edib və bildirib ki, kanal müharibə ilə bağlı qeyri-dəqiq məlumatlar yayır.

“BBC özü də səhv etdiyini etiraf edib. Onların müharibə ilə bağlı reportajları son dərəcə qeyri-dəqiqdir. Biz faktiki olaraq həmin ölkəni məğlub etmişik, amma BBC-yə baxanda elə təsəvvür yaranır ki, guya mübarizə bərabər gedir. Bu, həqiqətə uyğun deyil”, – deyə Tramp qeyd edib.

O əlavə edib ki, BBC-yə qarşı iddia qaldırıb və məhkəmə prosesinin necə nəticələnəcəyini gözləyir.

“Bu artıq sadəcə ‘feyk nyus’ deyil, bu, korrupsiyalaşmış və saxta mediadır. Bu, demək olar ki, cinayətdir. Biz onları məhkəməyə vermişik, onlar da günahlarını etiraf edirlər. İndi isə görək bu iş necə başa çatacaq”, – deyə ABŞ prezidenti bildirib.

Bizimlə əlaqə saxlayın