20 
Mar
2026
18:57
248

Gürcüstan Aİ-də sığınacaq istəyənlərin sayına görə ilk 20-liyə daxil olub

Gürcüstan Avropa İttifaqında sığınacaq istəyənlərin sayına görə ilk 20 ölkə sırasında yer alıb.

InterPress.ge xəbər verir ki, bu barədə BPN.GE   məlumat yayıb.

Bu  göstərici Avropa İttifaqının Sığınacaq Agentliyinin (EUAA) 2025-ci il hesabatında qeyd olunub.

Məlumata görə, 2025-ci ildə Avropada Gürcüstanın 15 mindən çox vətəndaşı sığınacaq üçün müraciət edib. Hesabatda Gürcüstan bu göstərici ilə 17-ci yerdə qərarlaşıb və Haiti, Qvineya və İraqı qabaqlayıb, Eritreya ilə isə demək olar ki, eyni səviyyədədir.

EUAA-nın məlumatına əsasən, 2025-ci ildə Gürcüstandan 15 295 sığınacaq müraciəti qeydə alınıb. Bunlardan 12 788-i ilkin müraciət olub, 12 408 müraciət üzrə qərar verilib. Müsbət qərarların ümumi göstəricisi 0,05%, mənfi qərarlar isə 0,95% təşkil edib. 11 577 müraciətə baxılma prosesi davam edib, 1 026 müraciət isə geri götürülüb.

Gürcüstan vətəndaşlarının ən çox sığınacaq istədiyi Aİ ölkələri Fransa, İtaliya və Almaniya olub. Birinci instansiyada status verilmə göstəricisi Fransada 6%, İtaliyada 4%, Almaniyada isə 0% olub. Digər ölkələrdə bu göstərici Yunanıstanda 0%, Niderlandda 3%, Avstriyada 7%, İrlandiyada 9%, İspaniyada 12%, Belçikada isə 23% təşkil edib.

Hesabatda bildirilir ki, 2025-ci ildə Aİ ölkələri, həmçinin Norveç və İsveçrə daxil olmaqla ümumilikdə təxminən 822 min sığınacaq müraciəti qəbul edilib ki, bu da 2024-cü illə müqayisədə 19% azdır. Azalma əsasən suriyalı müraciətlərin kəskin düşməsi ilə izah olunur.

Eyni zamanda, qeyd olunur ki, ən çox müraciət Almaniyada qeydə alınıb, onu Fransa, İspaniya və İtaliya izləyir. Əhali sayına nisbətdə isə ən yüksək müraciət göstəricisi Yunanıstan və Kiprdə qeydə alınıb.

Hesabatda vurğulanır ki, 2025-ci ilin sonuna qədər birinci instansiyada təxminən 863 min, ümumilikdə isə 1,2 milyon iş üzrə baxış keçirilib.

EUAA-nın məlumatına görə, 2025-ci ildə Aİ+ ölkələrində qaçqın statusunun tanınma göstəricisi 29%-ə enib. Bu azalma əsasən suriyalı müraciətçilərlə bağlı qərarların azalması və aşağı tanınma faizinə malik digər ölkə vətəndaşları üzrə qərarların artması ilə əlaqələndirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər