İran ABŞ bazalarına və İsrailə qarşı raket hücumlarının 80-ci dalğasının başladığını açıqlayıb
İran İslam İnqilabı Keşikçiləri Korpusu regionda ABŞ hərbi bazaları və İsrailə qarşı raket hücumlarının növbəti – 80-ci dalğasının başladığını bəyan edib.
InterPress.ge xəbər verir ki, qurumun yaydığı məlumata əsasən, hücumların hədəfləri İsrailin Safad şəhərində yerləşən hərbi baza, eləcə də Təl-Əviv, Kiryat-Şmona və Bney-Brak şəhərlərindəki obyektlər olub.
Bununla yanaşı, İranın hədəfləri sırasında Küveyt, İordaniya və Bəhreyndə yerləşən ABŞ hərbi bazalarının da olduğu bildirilib.
Eyni zamanda, İsrail Müdafiə Qüvvələri İranın paytaxtı Tehrana qarşı yeni zərbə dalğasının başladığını açıqlayıb. Bildirilir ki, hücumların məqsədi “İranın terror rejiminin infrastrukturu”dur.
BBC-nin yaydığı məlumata görə, şəhərdə olan mənbələr Tehranın şərq, şimal və mərkəzi hissələrində partlayış səslərinin eşidildiyini bildiriblər.
İsrail tərəfi həmçinin qeyd edib ki, İran İsrail istiqamətində raketlər buraxıb.
“Qoruyucu sistemlər təhlükəni dəf etmək üçün fəaliyyət göstərir”, – deyə İsrail Müdafiə Qüvvələri sosial şəbəkədə yaydığı məlumatda bildirib və əhalini ehtiyatlı olmağa çağırıb.


