Parlamentdə yeni qanun layihəsi: 6 ildən köhnə avtomobillərə aksiz artırılır
Gürcüstan parlamentində 6 ildən çox yaşı olan minik avtomobillərinə aksiz dərəcəsinin artırılmasını nəzərdə tutan qanunvericilik paketi yenidən təşəbbüs edilib.
InterPress.ge xəbər verir ki, layihə sürətləndirilmiş prosedurla müzakirəyə çıxarılıb.
Sənədin 31 mart tarixində birinci oxunuşda, 1 aprel tarixində isə ikinci və üçüncü oxunuşlarda qəbul edilməsi planlaşdırılır.
Qanun layihəsinə əsasən, 0-6 il yaş arası avtomobillər üçün aksiz dərəcəsi mühərrikin hər 1 sm³ həcmi üçün 1.5 lari təşkil edəcək. 6 ildən çox yaşı olan avtomobillər üçün isə bu göstərici 1 sm³ üçün 4.5 lari olacaq.
Eyni zamanda, mövcud aksiz cədvəli ləğv edilir və yeni maddələrlə fərqli, xüsusi dərəcələr tətbiq olunacaq.
Layihəyə görə, hibrid avtomobillər üçün güzəşt saxlanılır – onlar üçün əsas dərəcə 60% azaldılmış şəkildə tətbiq ediləcək. Sağ sükanlı avtomobillər üçün isə aksiz əsas dərəcənin üç misli həcmində müəyyən edilir.
Keçid müddəalarına əsasən, 1 aprel 2026-cı ilədək Gürcüstana gətirilmiş və ya həmin tarixədək xaricdən daşınmasına başlanmış avtomobillər əvvəlki aksiz dərəcələri ilə rəsmiləşdiriləcək. Quru yolu ilə gətirilən və ya öz hərəkəti ilə ölkəyə daxil olan avtomobillər üçün isə bu qayda 1 iyul 2026-cı ilədək qüvvədə olacaq.
Layihənin təşəbbüskarları olan “Gürcü Arzusu” deputatları bildirirlər ki, məqsəd ölkənin avtomobil parkının yenilənməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması və yol təhlükəsizliyinin artırılmasıdır.
Onların sözlərinə görə, Gürcüstana idxal olunan avtomobillərin əksəriyyəti 6 ildən köhnədir ki, bu da hava çirklənməsi, yanacaq səmərəsizliyi və texniki nasazlıqların artmasına səbəb olur. Yeni dəyişikliklərin daha müasir və təhlükəsiz avtomobillərin idxalını stimullaşdıracağı gözlənilir.


