Abbas Araqçi: ABŞ nümayəndəsi ilə birbaşa mesajlaşma var, lakin danışıqlar aparılmır
İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof ilə birbaşa mesaj mübadiləsi mövcuddur, lakin tərəflər arasında rəsmi danışıqlar aparılmır.
InterPress.ge xəbər verir ki, Araqçi bu barədə “Al Jazeera” telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, ABŞ nümayəndəsindən mesajlar birbaşa şəkildə daxil olur, lakin bu, danışıqlar prosesinin başladığı anlamına gəlmir.
“Əvvəllər olduğu kimi, Uitkofdan mesajları birbaşa alıram, amma bu, o demək deyil ki, biz danışıqlar aparırıq. İran daxilində hansısa tərəflə danışıqların getdiyi barədə məlumat doğru deyil. Bütün mesajların ötürülməsi və qəbulu Xarici İşlər Nazirliyi vasitəsilə həyata keçirilir, eyni zamanda təhlükəsizlik qurumları arasında da kommunikasiya mövcuddur”, – deyə o qeyd edib.
Araqçi əlavə edib ki, İranın ABŞ-la münasibətlərində etimad səviyyəsi son dərəcə aşağıdır.
“Bizim ABŞ-la danışıqların hər hansı nəticə verəcəyinə inamımız yoxdur”, – deyə İranın xarici işlər naziri vurğulayıb.


