İran prezidenti amerikalılara müraciət edib: Müharibə ABŞ-ın maraqlarına xidmət etmir
İran prezidenti Masud Pezeşkian Amerika ictimaiyyətinə ünvanlanmış açıq məktub yayıb.
InterPress.ge xəbər verir ki, o, X platformasında ingilis dilində dərc etdiyi müraciətdə “America First” siyasətinin həqiqətən ABŞ hökumətinin prioriteti olub-olmadığını sual altına alıb və Vaşinqtonun İsrailin maraqları çərçivəsində hərəkət etdiyini iddia edib.
Pezeşkian bildirib ki, İranla müharibə ABŞ-ın maraqlarına xidmət etmir və amerikalıları “siyasi ritorikanın arxasına baxmağa” və İranla bağlı mövqelərini yenidən nəzərdən keçirməyə çağırıb.
“Bu müharibə əslində hansı amerikalıların maraqlarına xidmət edir? İran tərəfindən belə addımları əsaslandıracaq real təhlükə varmı?” – deyə İran prezidenti bildirib.
Onun sözlərinə görə, İranın təhlükə kimi təqdim olunması “güclü dairələrin siyasi və iqtisadi ambisiyalarının məhsuludur” və Tehranın indiyədək atdığı addımlar “müharibənin başlanması deyil, legitim müdafiə” olub.
Pezeşkian həmçinin qeyd edib ki, İran-ABŞ münasibətləri yanlış anlaşılır və İran “müasir tarixində heç vaxt aqressiya, ekspansiya, kolonializm və ya dominantlıq yolu seçməyib və heç bir müharibəyə başlamayıb”.
İran prezidenti vurğulayıb ki, İran xalqı digər xalqlara, o cümlədən Amerika, Avropa və qonşu ölkələrin vətəndaşlarına qarşı düşmənçilik bəsləmir.
Bununla yanaşı, o, İranın infrastrukturuna qarşı hücumların ciddi nəticələr doğuracağını qeyd edib.
“Enerji və sənaye obyektləri daxil olmaqla, İranın həyati infrastrukturlarına zərbələr birbaşa İran xalqını hədəf alır. Bu cür hərəkətlər müharibə cinayəti kimi qiymətləndirilə bilər və İran sərhədlərindən kənara çıxan nəticələrə səbəb olur – qeyri-sabitlik yaradır, insan və iqtisadi itkiləri artırır, gərginlik dövrünü dərinləşdirir və uzun illər davam edəcək narazılıqlar formalaşdırır. Bu, güc nümayişi deyil, strateji çaşqınlığın göstəricisidir”, – deyə Pezeşkian qeyd edib.


