Kobaxidze və İlham Əliyev arasında geniştərkibli görüş keçirilib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Azərbaycan Prezidenti İlham Əliyev arasında təkbətək görüşdən sonra danışıqlar geniş tərkibli formatda davam etdirilib.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, görüşdə iki ölkə arasında artan ticarət-iqtisadi əməkdaşlıq və mövcud potensialın tam istifadəsinin əhəmiyyəti müzakirə olunub.
Tərəflər həmçinin energetika sahəsində sıx tərəfdaşlıq və regional əhəmiyyətli nəqliyyat-enerji layihələri barədə fikir mübadiləsi aparıblar. Bu çərçivədə Bakı-Tbilisi-Qars dəmir yolunun regionun əlaqələndirilməsində mühüm rol oynadığı vurğulanıb.
Görüşdə Gürcüstan tərəfdən xarici işlər naziri Maka Boçorişvili, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani və digər rəsmilər iştirak ediblər.
Azərbaycan tərəfdən isə xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin köməkçisi Hikmət Hacıyev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və digər rəsmi şəxslər təmsil olunublar.


