Pezeşkian: İsrail atəşkəsi pozur, “barmağımız hələ də tətikdədir”
İran prezidenti Məsud Pezeşkian İsraili atəşkəs rejimini pozmaqda ittiham edib.
InterPress.ge xəbər verir ki, Pezeşkian sosial şəbəkədə paylaşım edərək bildirib ki, İsrailin Livana yenidən hücumları atəşkəs razılaşmasının açıq şəkildə pozulmasıdır.
Onun sözlərinə görə, bu cür addımlar razılaşmalara sadiqliyin olmadığını göstərir və danışıqların mənasını sual altına qoyur.
“Livana yenidən hücum atəşkəsin açıq pozulmasıdır. Bu, razılaşmalara sadiqliyin olmamasının təhlükəli siqnalıdır. Bu cür hərəkətlər davam edərsə, danışıqlar mənasını itirəcək. Barmağımız hələ də tətikdədir. İran heç vaxt livanlı qardaş və bacılarını tərk etməyəcək”, – deyə Pezeşkian qeyd edib.
Məlumata görə, atəşkəsə baxmayaraq, İsrail Livan istiqamətində hücumlarını davam etdirir. Bu barədə Associated Press məlumat yayıb.
İsrailin baş naziri Benyamin Netanyahu isə bildirib ki, Hizbullaha qarşı əməliyyatlar ölkənin şimal bölgəsində yaşayan vətəndaşların təhlükəsizliyi tam təmin olunana qədər davam edəcək.


