Təhsil nazirliyi məktəb formaları ilə bağlı açıqlama verdi
“Məktəb formalarının qiyməti hazırda valideynlərin çəkdiyi xərclərlə müqayisədə 30-50 faiz daha ucuz olacaq.”
InterPress.ge xəbər verir ki, təhsil nazirinin müavini Zviad Qabisoniya bu barədə açıqlamasında danışıb.
Onun sözlərinə görə, məktəb formasının qiyməti təxminən 100 lariyə yaxın olacaq. Qabisoniya qeyd edib ki, bu qiymət hələ dəqiq deyil, çünki bazar araşdırması yeni başlayıb və formaların dizaynı təsdiqlənmə mərhələsindədir.
Nazir müavini vurğulayıb ki, sosial baxımdan həssas ailələr üçün dövlət xüsusi dəstək mexanizmi tətbiq edəcək. Belə ki, 60 min baldan aşağı sosial reytinqə malik şagirdlər üçün məktəb formalarının maliyyələşdirilməsini dövlət özü təmin edəcək.
O əlavə edib ki, valideynlərin böyük hissəsi bu təşəbbüsə müsbət yanaşır, baxmayaraq ki, müəyyən istisnalar da mövcuddur.
Qabisoniyanın sözlərinə görə, məktəb formalarının qiymətinə dövlət tərəfindən nəzarət ediləcək və bu məqsədlə xüsusi dövlət şirkəti yaradılıb ki, əlavə xərclərin və yüksək mənfəət marjasının qarşısı alınsın.
Nazir müavini bildirib ki, gələcəkdə əlavə qərarların qəbul olunması istisna deyil, lakin hazırda əsas məqsəd valideynlərin maliyyə yükünü maksimum dərəcədə azaltmaqdır.


