Gürcüstanda yanacaq yenidən bahalaşıb – son 1 həftədə qiymətlər artıb
Gürcüstanda son bir həftə ərzində yanacaq qiymətləri yenidən artım göstərib.
InterPress.ge xəbər verir ki, qlobal birjalarda xam neftin qiymətinin azalmasına baxmayaraq, bu dəyişiklik hələlik yerli bazarda əksini tapmayıb.
Məlumata görə, son ticarət nəticələrinə əsasən, Brent markalı neftin qiyməti bir barel üçün 90.38 dollar (-9.07%), ABŞ-ın WTI markalı nefti isə 83.85 dollar (-10.25%) təşkil edib. Trading Economics bildirir ki, qiymətlərin enməsi Hörmüz boğazının atəşkəs dövründə açıq qalacağı ilə bağlı xəbərlər fonunda baş verib və bu, qlobal enerji təchizatında mümkün böhranın yumşalacağına dair gözləntilər yaradıb.
Lakin daha sonra İranın Hörmüz boğazını yenidən bağlaması ilə bağlı xəbərlər yayılıb və bu, bazarda qeyri-müəyyənliyi artırıb.
Buna baxmayaraq, Gürcüstanda yanacaq qiymətləri artmaqda davam edir. Son bir həftə ərzində müxtəlif yanacaq növləri üzrə qiymətlər 4–12 tetri arasında bahalaşıb.
Aparıcı yanacaqdoldurma məntəqələrində qiymətlər belədir:
Gulf şəbəkəsində bəzi məhsullar 10 tetri bahalaşıb. G-Force super 3.99 lari, premium 3.59 lari, euro regular 3.45 lari, euro dizel isə 4.07 lari təşkil edir.
Wissol şəbəkəsində qiymətlər 10–12 tetri artıb. Eco super 3.98 lari, premium 3.58 lari, dizel isə 4.07 lariyə yüksəlib.
SOCAR şəbəkəsində isə qiymətlər dəyişməyib. Nano super 3.87 lari, premium 3.55 lari, dizel isə 3.80–3.90 lari arasında dəyişir.
Rompetrol şəbəkəsində bəzi məhsullar 4 tetri bahalaşıb. Super 3.99 lari, premium 3.59 lari, dizel isə 4.05 lari səviyyəsindədir.
Portal şəbəkəsində isə son bir həftədə qiymətlər stabil qalıb. Super 3.44 lari, premium 3.34 lari, dizel isə 3.69–3.89 lari təşkil edir.
Ekspertlərin fikrincə, beynəlxalq bazarda baş verən dəyişikliklər yaxın dövrdə yerli qiymətlərə də təsir göstərə bilər.


