DTX: "İŞİD"lə əlaqədə şübhəli bilinən iki nəfər saxlanılıb
DTX: “İŞİD”lə əlaqədə şübhəli bilinən iki nəfər saxlanılıb
Gürcüstanda xarici terror təşkilatına qoşulmaq və terror fəaliyyətinə dəstək verməkdə ittiham olunan iki nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qurumun məlumatına görə, əməliyyat Antiterror Mərkəzi və Xüsusi Əməliyyatlar Departamenti tərəfindən Qardabani bələdiyyəsində və Acarıstan bölgəsində keçirilib. Əməliyyat nəticəsində Batumidə bir xarici ölkə vətəndaşı və bir Gürcüstan vətəndaşı saxlanılıb.
DTX rəisinin müavini Laşa Mağradze bildirib ki, saxlanılan şəxslər terror təşkilatı İslam Dövləti (İŞİD)nə qoşularaq ona sadiqlik andı içiblər.
Onun sözlərinə görə, həmin şəxslər təşkilat rəhbərlərinə video vasitəsilə “beyət” edərək tam itaət göstəriblər və onların istənilən tapşırığını yerinə yetirməyə hazır olublar.
İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər Gürcüstandan başqa ölkəyə yollanaraq “İŞİD” döyüşçülərinə qoşulmağı planlaşdırıblar.
Əməliyyat zamanı elektron daşıyıcılar, qeydiyyatsız SIM kartlar, mobil telefonlar, terror təşkilatına aid simvollar, maskalar və digər sübutlar götürülüb.
Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 328-ci maddəsi ilə aparılır ki, bu da 10 ildən 17 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
DTX bildirib ki, qurum beynəlxalq terrorizmlə mübarizə sahəsində tərəfdaşlarla sıx əməkdaşlığı davam etdirir və preventiv tədbirləri gücləndirir.


