Gürcüstana külli miqdarda narkotiklərin qanunsuz gətirilməsi cəhdinin qarşısı alınıb – 2 nəfər saxlanılıb
Gürcüstanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat nəticəsində iki nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Mərkəzi Kriminal Polis və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları tərəfindən xüsusilə külli miqdarda narkotik və psixotrop maddələrin ölkəyə qanunsuz idxalının qarşısı alınıb.
Əməliyyat nəticəsində 1987-ci il təvəllüdlü Q.X. Kutaisi Beynəlxalq Hava Limanında, 1958-ci il təvəllüdlü C.Q. isə “Sarpi” gömrük-keçid məntəqəsində saxlanılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslərin üzərində və əl yüklərində aparılan yoxlama zamanı müxtəlif növ, xüsusilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr aşkar edərək götürüblər.
Bundan əlavə, təqsirləndirilən şəxslərdən birinin idarə etdiyi avtomobilə baxış zamanı xüsusi skaner vasitəsilə gizlədilmiş şəkildə yerləşdirilmiş 247 ədəd “Suboksin” həbi də aşkarlanıb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260, 261, 262 və 263-cü maddələri ilə aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


